“Əbədi Dostluq” Azərbaycan və Özbəkistan arasında uzunmüddətli əməkdaşlığa zəmanət verir- ÖZƏL

""Əbədi Dostluq haqqında Müqavilə" o cəhətdən vacibdir ki, bu, bir növ bizim aramızda olan dostluq-qardaşlıq münasibətlərini əbədiləşdirdi. Yəni, əgər bu ana qədər kimsə ehtimal verə bilərdisə ki, bir neçə il sonra situasiya dəyişə bilər, münasibətlərdə inkişaf prosesi qırıla bilər, azala bilər və s. və ilaxır, belə neqativ düşüncələrə yer vardırsa, "Əbədi Dostluq haqqında Anlaşma" bundan 20 il sonrası üçün də, 50 il sonrası üçün də Azərbaycan və Özbəkistan dövlətlərinin xarici siyasətində mahiyyət etibarilə bir-birinə qarşı olan yanaşmasının pozulmayacağına zəmanət verir".

Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:

" Bu müqavilə təsdiqləyir ki, həm Azərbaycan, həm də Özbəkistan xarici siyasətlərində bir-birlərinə önəm verirlər, bir-birlərinin maraqlarını görürlər, başa düşürlər və öz həm ikitərəfli, həm də digər çoxtərəfli münasibətlərində bu faktor nəzərə alınan bir reallıqdır. Yəni, belə dərin, əbədiyyətə qədər olacaq etimad mühitinin qurulması deməkdir. Belə bir etimad mühitində isə təbii ki, özbəkistanlı tacirlər, tüccarlar, biznesmenlər, iş adamları, sahibkarlar Azərbaycanda, eyni ilə azərbaycanlılar da Özbəkistanda artıq rahat şəkildə öz işlərini görə bilərlər, öz bizneslərini genişləndirə bilərlər. Rəsmi qurumlar arasında əlaqələr təbii ki, daha genişlənəcək, daha böyük spektrli layihələri, məsələləri əhatə edəcək.
Bütün bu istiqamətlərdən əlbəttə ki, "Əbədi Dostluq haqqında Müqavilə" imkan verəcək ki, həm Azərbaycan, həm də Özbəkistan ikitərəfli ticarətdə bir-birinin ölkələrinə nəzərən daha prioritet bazar kimi qiymətləndirsin, həm daha prioritet tərəfdaş, müttəfiq kimi qiymətləndirsin və əlaqələrdə bu faktor birinci olmasa da, ön sıralardan birində olsun. Azərbaycan-Özbəkistan əməkdaşlığının güclənməsi Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın siyasi və iqtisadi yaxınlaşmasına necə təsir göstərəcək?
Bu məsələlərə bir az daha geniş spektrdən mən yanaşmaq istərdim, elə qlobal münaqişələrdən. Çünki bugün baş verən qlobal münaqişələri əslində yeni dünya düzəninin işarətçiləri kimi oxumalıdır. Yeni dünya düzəni formalaşmaqdadır, yeni düzən qurulur, yeni düzəndə bir çox şey fərqli olacaq, yeniliklər olacaq. Və bu fərqliliklərdən, yeniliklərdən biri də mənə elə gəlir ki, beynəlxalq ticarətlə bağlı olacaq. Yəni, biz ənənəvi marşrutlara ki, onların böyük əksəriyyəti okeanlardan, dənizlərdən, yəni su yolu ilə həyata keçirilirdi, onlara biz sağ ol deməsək də, önəmli ölçüdə azalacaq. Əvəzində isə quru marşrutları ön plana çıxacaq. Belə bir reallığın formalaşacağı tarixlərdə isə ən böyük layihələrdən biri də məhz Çinin başlatdığı, qərbdə Avropaya qədər, oradan da Amerikanın özünə qədər uzanacaq "Bir Kəmər və Yol" layihəsidir və onun da ən önəmli həlqəsi, təbii ki, Orta Dəhliz olduğu üçün Azərbaycan-Özbəkistan əlaqələrinin bu qədər yaxınlaşması, inkişaf etməsi məhz bu aspektdən Cənubi Qafqaz və Mərkəzi Asiyanın da siyasi və iqtisadi yaxınlaşmasına öz ciddi töhfəsini verəcək. Nəyə görə? Çünki həm Azərbaycan, həm  Özbəkistan da Orta Dəhlizin önəmli ölkələrindən biridir. Azərbaycan ümumiyyətlə Cənubi Qafqaz marşrutunda olmazsa-olmaz bir ölkədir. Çünki Ermənistan və Gürcüstan variantında bizim bir alternativimiz var, yəni Ermənistandan alınmayan layihələr Gürcüstan üzərindən həyata keçirilə bilər və ya Gürcüstandan alınmayacaq layihələr Ermənistan üzərindən həyata keçirilə bilər. Amma Azərbaycana başqa alternativ yoxdur. Xəzərdən gələcək o yüklər, o marşrutlar Azərbaycan üzərindən keçməklə Ermənistan və ya Gürcüstan üzərindən öz xəttinə davam edə bilər.
Belə bir önəmli coğrafiyada yerləşən Azərbaycan ilə də Mərkəzi Asiyanın inkişaf etməkdə olan öncül ölkələrindən olan Özbəkistanın, həmçinin coğrafi mövqeyinə görə strateji mövqedə olan Özbəkistanın öz regionlarında həmin bu layihə üçün və digər beynəlxalq əhəmiyyətli layihələr üçün həyata keçirdiyi və keçirəcəyi addımlar, əlbəttə ki, həm hər iki ölkənin önəmini artıracaq bundan sonra da, həm də ki, iki region arasında münasibətlərin iqtisadi-siyasi cəhətdən daha da inkişafına gətirib çıxaracaq. Digər bir aspekt isə yeni siyasi konfiqurasiyaların qurulmasıdır. Məsələn, biz 30-40 il əvvələ qədər müstəqil olmayan Azərbaycan və Özbəkistanla danışa bilirdik. Moskvanın diktəsi ilə idarə olunan bir sovet-sosialist sistemi mövcud idi. Biz artıq öz müstəqilliyinə qovuşmuş iki qardaş xalqdan və öz bundan sonrakı təhlükəsizliyini də özləri əl-ələ verib inkişaf etdirəcək siyasi iradədən danışırıq. O siyasi iradə ki, həm hərbi, həm siyasi müstəqillikdə bundan sonra da zamanla inkişaf etdiriləcək.
Bütün bu reallıqları nəzərə aldıqda Azərbaycan-Özbəkistan münasibətləri, əlbəttə ki, həm regional baxımdan, həm siyasi müstəvidə, həm də xüsusən beynəlxalq ticarət baxımından iqtisadi sferada öz faydalılığını vəd edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31