“Əbədi dostluq müqaviləsi” özündə nəyi ehtiva edir?- ÖZƏL
13:30 SiyasətPrezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" imzalanıb. Maraqlıdır, Azərbaycan-Özbəkistan arasında əbədi dostluq müqaviləsi özündə nəyi ehtiva edir?
Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında "Əbədi dostluq haqqında Müqavilə" 2024-cü ildə imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilədən sonra əlaqələri daha uzunmüddətli və geniş çərçivəyə salır. Müqavilənin əsas məzmunu əbədi dostluq və qarşılıqlı etimad özündə ehtiva etməsindədir. Belə ki, iki ölkə münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qurmağı təsbit edir. Sənədə görə, tərəflər bir-birinin suverenliyinə, dövlətçilik maraqlarına və öz inkişaf modelini seçmək hüququna hörmət edir və dəstəkləyirlər.
Sözqgedən müqaviləni sadəcə "dostluq haqqında siyasi bəyanat" kimi qəbul etmək düzgün olmazdı. Müqavilənin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan münasibətlər artıq strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq xətti üzrə institusional şəkildə inkişaf etdiriləcək. Başqa sözlə, "əbədi dostluq" burada yalnız siyasi şüar deyil, iki ölkənin münasibətlərini gələcək nəsillər üçün hüquqi-siyasi və praktiki əməkdaşlıq çərçivəsində möhkəmləndirmək məqsədi daşıyır.
Sözügedən sənədin təhlükəsizlik və hərbi baxımdan izahı ondan ibarətdir ki, müqavilə iki ölkəni avtomatik olaraq "bir ölkəyə qarşı hərbi müdafiə ittifaqına" bağlayan NATO tipli kollektiv müdafiə maddəsi deyil. Amma təhlükəsizlik baxımından kifayət qədər ciddi qarşılıqlı öhdəliklər yaradır. Ən mühüm müddəalardan biri budur ki, tərəflər öz ərazilərinin üçüncü dövlət tərəfindən digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadəsinə yol verməməyi öhdələrinə götürürlər. Həmçinin digər tərəfin təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran blok və ittifaqlarda iştirak etməmək prinsipi müəyyən edilir.
Bu, Azərbaycan üçün praktik baxımdan belə başa düşülə bilər: Özbəkistan ərazisi Azərbaycana qarşı yönəlmiş hərbi və ya təhlükəsizlik fəaliyyətləri üçün platformaya çevrilməməlidir. Eyni prinsip Azərbaycan ərazisinə də aiddir.Tərəflər bir-birinin təhlükəsizliyinə qarşı yönəlmiş üçüncü tərəf fəaliyyətlərinə qoşulmamaq öhdəliyi götürürlər. Bu, xüsusilə Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısı baxımından əhəmiyyətlidir.
Lakin, burada incə bir fərq var. Azərbaycan Özbəkistana hücum edilərsə avtomatik olaraq müharibəyə qoşulmalıdır kimi nəticəni bu müqavilədən nəticə kimi çıxarmaq düzgün olmaz. Eyni şəkildə, Özbəkistan Azərbaycanın müharibəsinə avtomatik hərbi qüvvə göndərməyə borcludur demək də düzgün deyil. Məlumdur ki, Azərbaycan və Özbəkistan arasında artıq strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. 2026-cı il "Əbədi dostluq" müqaviləsi həmin münasibətlərin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirir.