Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi mühüm regional önəm daşıyır- ÖZƏL
15:34 Siyasət"Azərbaycan və Özbəkistanın yaxınlaşmasını Türk Dövlətləri Təşkilatının inkişafından ayrı təsəvvür etmək mümkün deyil. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının fəal iştirakçısıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "2025-ci ilin oktyabrında TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev təşkilatın artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirib. Bu prosesdə Azərbaycanın və Özbəkistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Azərbaycan Xəzər və Cənubi Qafqaz istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində mühüm dayaq nöqtələridir. İki ölkənin siyasi və iqtisadi yaxınlaşması bu coğrafiyaları bir-birinə daha sıx bağlayır.
Deputat onu da qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi, Azərbaycanın isə Xəzərin qərb sahilində mühüm nəqliyyat qovşağına çevrilməsi iki ölkənin imkanlarını bir-birini tamamlayan strateji resursa çevirir. Bu baxımdan Orta Dəhliz iki ölkənin coğrafi mövqelərini vahid regional üstünlüyə çevirən əsas platformalardan biridir. Marşrut Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarını Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələndirir.
Azərbaycanın beynəlxalq dəniz limanı, dəmir və avtomobil yolları, hava limanları, gəmiçilik və logistika infrastrukturu ilə Özbəkistanın istehsal və ixrac potensialının birləşdirilməsi marşrutun iqtisadi səmərəliliyini daha da artırır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inkişafı da bu istiqamətdə yeni imkanlar yaradır. Eyni zamanda, 2022-ci ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında "Saziş iki ölkə arasında avtomobil daşımalarının inkişafını daha da sürətləndirib. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə iki qardaş ölkəni logistika baxımından daha da birləşdirəcək. Prezident İlham Əliyev Azərbaycanla Özbəkistanın TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirdiklərini vurğulayıb. Bu o deməkdir ki, Bakı ilə Daşkənd TDT-yə ortaq tarixi-mədəni mirasa əsaslanan platforma kimi baxaraq yeni regional münasibətlər sisteminin formalaşmasında maraqlı tərəflər kimi çıxış edir. Digər tərəfdən, təşkilat regional inteqrasiyanın, yeni əlaqələrin uzunmüddətli perspektivdə strateji gələcəyi formalaşdıran platforma kimi qiymətləndirilir. Bütün bunlar iki ölkənin TDT daxilindəki çoxtərəfli inteqrasiya proseslərini sürətləndirən əsas hərəkətverici qüvvə rolunu oynayır.
Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi bütövlükdə mühüm regional önəm daşıyır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri isə bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Səfər zamanı imzalanmış sənədlər, "Azərbaycan" parkının təməlinin qoyulması, eləcə də digər təməllərin atılması qardaşlığımızın parlaq göstəricisidir".