Ağrılı güzəştlər gəlir: türklər cəbhədə olacaq, muxtariyyət istəyi var – Patrik Uolşdan sensasiya
10:56 DünyaXəbər verdiyimiz kimi, Türkiyənin 40 ildir savaşdığı PKK terror təşkilatı silahlı mübarizəni dayandırmaq və strukturunu ləğv etmək barədə qərar qəbul edib.
Dünyada baş verən siyasi proseslərdən dolayı PKK Qərb və ABŞ-dan əvvəlki dəstəyi ala bilmir. Türkiyənin artan nüfuzu və dəyişən beynəlxalq nizam xüsusən NATO daxilində onun strateji əhəmiyyətini artırıb. "Financial Times" qəzetində dərc olunan "Avropanın Türkiyəyə ehtiyacı var" başlıqlı məqalə də bunu deyir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın özünü buraxması və silahı yerə qoyması ilə bağlı qərarından sonra yeni mərhələnin başladığını ifadə edib. O bildirib ki, Milli İstehbarat Təşkilatı verilən vədlərin yerinə yetirilib-yetirilmədiyini diqqətlə izləyəcək.
Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşdan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
- Cənab Uolş, Türkiyə üçün terror dövrü bitdimi? Bəzi politoloqların fikrincə, PKK-ya güvənmək sadəlövhlükdür, çünki indiyədək bu proses həmişə "baş qatmaq" taktikası ilə davam edib. Buna münasibətinizi bildirərdiniz.
- Bu, mənə Şimali İrlandiyada keçdiyimiz sülh prosesini xatırladır. 1994-cü ildə İrlandiya Respublika Ordusu (IRA) 28 il davam edən bombardman, atışma və dağıntılardan sonra hərbi əməliyyatların dayandırılmasına səbəb olan atəşkəs elan etmişdi.
Türkiyənin (və eləcə də kürdlərin) İrlandiya və İngiltərədəki hadisələrin gedişatını çox diqqətlə öyrənməsi məqsədəuyğun olardı. Onlar görəcəklər ki, sülh prosesi uzun və çox sayda yanlış başlanğıc və uğursuzluqlardan dolayı çətin olur və burada əzmkarlıq vacibdir. IRA-nın elan etdiyi atəşkəs 1997-ci ildən 3 il sonra Londonda Böyük Britaniyanın sığorta sənayesini az qala məhv edən ən böyük partlayışlarla iflasa uğradı. 1998-ci ildə atəşkəsin uzadılması və artıq 30 ilə yaxındır davam edən razılaşma ilə sülh prosesini bərpa etmək üçün hökumət dəyişikliyi və ABŞ-ın təzyiqi lazım idi.
Hazırda baş verən odur ki, PKK-dan kənarda fəaliyyət göstərən silahlı kürd qruplaşmaları istənilən sülh prosesində və nizamlanmada sabitliyi pozmağa cəhd edə bilər. Bu, Türkiyə hökumətinin işini çətinləşdirəcək.
Patrik Uolş
- Növbəti mərhələdə hansı proses başlamalıdır?
- Tərksilah və istismardan çıxarma prosesi həyata keçirilməlidir ki, bu da ağrılı olmaqla yanaşı, açıq və tam şəkildə olmaya bilər. Bu proses Şimali İrlandiyada 1998-ci ildən sonra təxminən 10 il çəkdi və gizli şəkildə baş verdi. Yəqin ki, PKK-lı məhbusların azadlığa buraxılması və güzəştlər olacaq. Bu isə onların qurbanlarının ailələri üçün travmadır. Türkiyə cəmiyyətinin geniş təbəqələri tərəfindən çox da xoş qarşılanmayan siyasi güzəştlər olacaq. Sinn Fein (IRA-nın siyasi qanadı, -red.) təcrübəsi təkrarlanarsa, Türkiyə həm də ən azından muxtariyyət tələb edən siyasi partiyalara siyasi dəstəyin artmasının şahidi olacaq.
Beləliklə, qısacası, sülh prosesi uzun və çətin olacaq və İrlandiyada baş verənlər burada təkrarlanarsa, prosesi dəstəkləmək üçün güclü rəhbərlik və şübhəsiz ki, beynəlxalq yardım tələb olunacaq. Lakin nəticə zorakılığın tədricən aradan qaldırılması, siyasi sabitlik və hamı üçün daha yaxşı gələcəkdən ibarət olacaq.
- Antalyada 14-15 may tarixlərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilir. Toplantıda müttəfiq ölkələr 24-25 iyunda keçiriləcək Haaqa Sammiti öncəsi təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcəklər. Həmçinin görüşdə Avropa İttifaqı (Aİ) və NATO-nun birgə müdafiə strategiyasının müəyyən ediləcəyi gözlənilir. Bu barədə nə düşünürsünüz?
- İndi məsələ ondadır ki, NATO nə deməkdir, yaxud ABŞ olmadan NATO nə deməkdir? Mən narahatam ki, Ukrayna müharibəsi İstanbulda həll olunmasa və davam etsə, ukraynalıların üzərinə ağır yük düşəcək. Avropa isə Kiyevin maliyyəçisi, tədarükçüsü və əsas mənəvi dəstəkçisi kimi ABŞ-ın yerini tutacaq. "Könüllülər koalisiyası" adlanan Qərbi Avropalılar nəyin bahasına olursa-olsun döyüşməkdən qaçmağa çalışacaqlar. Polşada narahatlıq var ki, ukraynalılar məğlub olarsa, bu dəfə cəbhədə polyaklar, ardınca isə türklər olacaq. Mən hesab etmirəm ki, bu baş verər, çünki türklər macarlar kimi, bu müharibəyə tənqidi yanaşırlar və bu, onların marağında deyil. Amma əsas sual budur ki, NATO ABŞ-sız və ya ABŞ entuziazmı olmadan hansı vəziyyətə düşəcək?