“İran-Gürcüstan-Azərbaycan dəhlizi strateji fürsətdir, amma risklər var”- Turan Rzayev- ÖZƏL

"Azərbaycan uzun illərdir nəqliyyat və logistika sahəsində regional qovşağa çevrilmək xətti yürüdür. Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi təşəbbüslər bu məqsədin tərkib hissəsidir".

Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib.  Politoloq İran-Gürcüstan-Azərbaycan dəhlizinin strateji fürsət, amma riskləri olduğunu qeyd edib:

"Bu baxımdan İran-Gürcüstan-Azərbaycan üçtərəfli tranzit təşəbbüsü nəzəri olaraq Azərbaycanın mövcud nəqliyyat strategiyasına zidd deyil. Hətta mən deyərdim əksinə, onun bir əlavəsi ola bilər. Lakin burada diqqət yetirilməli məqam İranın bu təşəbbüsdəki motivləridir. Tehran bu tip təkliflərlə əslində bir neçə məqsədi eyni anda həyata keçirməyə çalışır:
1. Qərb sanksiyalarından yayınma üçün alternativ marşrutlar yaratmaq;
2. Cənubi Qafqazda mövcudluğunu qorumaq və artırmaq;
3. Azərbaycanla normallaşma görüntüsü yaradaraq gərginliyi azaltmaq.
Yəni İran üçün bu dəhliz sadəcə iqtisadi deyil, siyasi manevr vasitəsidir. Xüsusilə Qərbin artan təzyiqləri fonunda Tehran üçün alternativ ticarət və tranzit xətləri həyati əhəmiyyət daşıyır. Azərbaycan üçün isə bu təşəbbüsə təhlükəsiz və şəffaf mexanizmlər çərçivəsində, ölkənin maraqları təmin olunmaqla yanaşmaq mümkündür. Belə bir dəhlizin yaradılması Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirə, ölkəni Cənubi Qafqazda və Xəzər hövzəsində nəqliyyat habına  çevirə bilər. Gürcüstanın iştirakı isə bu marşrutun Qara dənizə çıxışını gerçəkləşdirir. İranın daxil olması isə Şimal-Cənub dəhlizi ilə inteqrasiyanı mümkün edir. Amma burada əsas risk faktoru İranın etibarlılığı və siyasi sabitliyidir. Tehran müxtəlif dövrlərdə geopolitik dəyişikliklərə uyğun olaraq siyasətini sərt şəkildə dəyişə bilir. Bu isə uzunmüddətli əməkdaşlıq üçün müəyyən risklər və qeyri-müəyyənliklər yaradır. 
Nəticə olaraq, İran-Gürcüstan-Azərbaycan tranzit dəhlizi təşəbbüsü nəzəri baxımdan iqtisadi və strateji potensiala malik olsa da, onun gerçəkliyə çevrilməsi üçün aydın hüquqi çərçivə, qarşılıqlı güvən və balanslı geosiyasi yanaşma tələb olunur. Bakı bu cür təkliflərə hər zaman praqmatik və milli maraqlar prizmasından yanaşır və bu halda da istisna olmayacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31