Bəhruz Quliyev: “Ağdamda keçirilən forum Qarabağın sülh və əməkdaşlıq ünvanına çevrildiyini göstərir” – ÖZƏL
1 İyul 16:40 Siyasət"Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Ağdam şəhərində ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçirilir. Bu mühüm tədbir təkcə gənclər arasında əməkdaşlıq platforması deyil, eyni zamanda Azərbaycanın regional diplomatiyada artan çəkisinin, strateji mövqeyinin və postmünaqişə dövründə beynəlxalq siyasətə verdiyi yeni nəfəsin rəmzidir.
Forumun əsas məqsədi - İƏT coğrafiyasında gənclərin potensialından daha fəal şəkildə istifadə etmək, onların ideyalarını, təşəbbüslərini təşkilatın inkişaf strategiyasına inteqrasiya etməkdir. Bu, gənclərin siyasi, sosial, iqtisadi proseslərdə iştirak imkanlarını genişləndirən yeni mərhələnin başlanğıcıdır".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, daha dərin mənada bu forumun Ağdamda - uzun illər işğal altında qalmış, dağıdılmış, lakin bu gün Prezidentin iradəsi ilə yenidən dirçələn bir şəhərdə keçirilməsi mühüm siyasi və simvolik mesaj daşıyır:
"Bu, ilk növbədə, dünyaya Azərbaycanın sülhə, inkişafa və gələcəyə nə qədər bağlı olduğunu nümayiş etdirir. Ağdamın seçilməsi eyni zamanda postmünaqişə reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, regionun yeni statusunu - sülh, sabitlik və əməkdaşlıq mərkəzi kimi tanıtmaqdır.
İƏT kimi nüfuzlu bir beynəlxalq təşkilatın gənclər forumunun məhz Ağdamda keçirilməsi, Azərbaycanın İslam dünyasında etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul olunmasının növbəti sübutudur. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün həm regional güc mərkəzi, həm də beynəlxalq gündəmi formalaşdıran əsas oyunçulardan birinə çevrilib".
Ekspert sonda qeyd edib ki, İƏT Gənclər Forumunun Ağdamda təşkili Azərbaycanın yeni regional və beynəlxalq statusunu təsdiqləyir, eyni zamanda Qarabağın dirçəlişinin və reinteqrasiyasının canlı sübutuna çevrilir. Bu forum təkcə gənclərin yox, həm də regionun gələcəyinə verilən siyasi mesajdır: Qarabağ sülhün, inkişafın və beynəlxalq əməkdaşlığın ünvanına çevrilir.
Səidə Ramazanova