Qarabağdan Avrasiyaya yeni inteqrasiya mesajı– ÖZƏL

"İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının toplantısının işğaldan azad olunmuş Xankəndidə keçirilməsinin özü xüsusi anlam və mahiyyət daşıyır. Bu toplantı göstərir ki, İqtisadi Əməkdaşlıq Təşkilatı yalnız iqtisadi, ticarət və investisiya yönümlü regional təşkilat kimi tanınsa da, bu gün iqtisadi güc mərkəzinə çevrilmək iddiasında olan və bu potensiala malik bir qurumdur".

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu təşkilatda təmsil olunan ölkələrin Azərbaycanla yalnız iqtisadi əməkdaşlığı ilə kifayətlənmək düzgün olmazdı.
Eyni zamanda, siyasi və təhlükəsizlik məsələlərində də bu ölkələrlə ikitərəfli formatda müxtəlif dialoqlar artıq mövcuddur.
İstər Türkiyə, istər İran, istər Pakistan, istərsə də Mərkəzi Asiyanın türk dilli dövlətləri ilə Azərbaycanın geniş və çoxşaxəli ikitərəfli əməkdaşlıqları və dialoqu mövcuddur.
Əgər bu gün söhbət işğaldan azad olunmuş ərazilərdə İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısının keçirilməsindən gedirsə, burada ilk növbədə həmin ölkələrin iqtisadi gücünün bərpa prosesinə cəlb olunması bizim üçün prioritetdir.
Bu ölkələrin, xüsusilə də Mərkəzi Asiyanın türk dövlətlərinin artıq azad olunmuş ərazilərimizə müəyyən dəstəklərini və bərpa prosesinə həmrəyliklərini görürük.
O cümlədən, Özbəkistan, Qazaxıstan və xüsusilə də qardaş Türkiyə ərazilərimizin bərpasında öz töhfələrini verməkdədirlər.
Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə hər zaman siyasi və diplomatik dəstək göstərdiklərinin də şahidi olmuşuq.
Bu sırada ilk növbədə qardaş Türkiyənin və Pakistanın rolunu xüsusi qeyd etməmək mümkün deyil.
Bu baxımdan, Azərbaycan torpaqlarının bərpasında və yenidən qurulmasında İƏT-ə üzv olan ölkələrin bir çoxunun həm mənəvi, həm də praktiki olaraq iştirak etmək haqqı var.
Çünki bu ərazilərin azad olunması prosesində onlar Azərbaycana müxtəlif istiqamətlərdən dəstək veriblər və bu dəstək öz mühüm rolunu oynayıb.
Ərazilərimizin bərpasında İƏT ölkələrinin investisiya, iqtisadi imkanlar və digər formalarda iştirakı Azərbaycan üçün olduqca önəmlidir və eyni zamanda bu, İƏT-in regional iqtisadi və investisiya yönümlü rolunun güclənməsinə də ciddi təsir göstərəcək.
Azərbaycan, Qarabağın bərpa prosesinə İƏT ölkələrinin diqqətini cəlb etməklə, eyni zamanda Mərkəzi Asiya, Qafqaz və Avropa xətti boyunca əməkdaşlıq zəncirində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin nə qədər önəmli rola sahib olduğunu bir daha nümayiş etdirir.
Bu həm də İqtisadi Əməkdaşlıq Təşkilatının Avrasiya məkanında iqtisadi və siyasi inteqrasiyada təsirli bir aktora çevrildiyini göstərir.
Bir sözlə, İqtisadi Əməkdaşlıq Təşkilatı bu gün əsas diqqətini iqtisadi, ticarət və investisiya yönümlü məsələlərə yönəltsə də, bu istiqamətdə inkişaf onu Avrasiyada mühüm siyasi dialoq mərkəzlərindən birinə çevrilə bilər.
Bu prosesin güclənməsində isə Xankəndidə keçiriləcək görüş mühüm rol oynaya bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31