Ukrayna 25 milyona yaxın vətəndaşını geri qaytarmağa ümid edir – ÖZƏL
7 Yanvar 2025 14:51 DünyaUkrayna hökuməti xaricdə yaşayan 20-25 milyon vətəndaşını vətənə geri qaytarmağı hədəfləyir.
Olaylar.az xəbər verir ki, Ukraynanın Milli Birlik Naziri Aleksey Çernışov vətəndaşların geri dönüşü üçün məcburi tədbirlərin görülməyəcəyini açıqlayıb.
"Biz ukraynalıların evlərinə qayıtması prosesinə başlayırıq," - deyə Çernışov Strana.ua nəşrinə bildirib.
Nazirin verdiyi məlumata görə, hazırda Ukraynada 32 milyon insan yaşayır, lakin ölkədən kənarda 20-25 milyon ukraynalı var. O, bu prosesin yalnız könüllülük prinsipi əsasında həyata keçiriləcəyini vurğulayıb.
Bundan əvvəl Ukrayna Baş naziri Denis Şmıqal, Almaniyaya köçən bütün vətəndaşlarını "ən qısa zamanda" geri qaytarmaq istədiklərini açıqlamışdı. Sonradan Ukrayna hökuməti yeni yaradılmış Milli Birlik Nazirliyinin bu məqsədlə xüsusi proqram üzərində çalışdığını təsdiqlədi.
Bu proqramın detallarının yaxın zamanda ictimaiyyətə təqdim edilməsi gözlənilir.