Almaniya su məsələləri üzrə Bakı Dialoqunda iştirakını səbirsizliklə gözləyir - Şteffi Lemke

Almaniya Bakı Su Dialoqunda iştirakını səbirsizliklə gözləyir.

Olaylar xəbər verir ki, bu barədə Almaniyanın ətraf mühit naziri Şteffi Lemke COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"Su adaptasiya üçün əsas sektordur. O, qlobal adaptasiya məqsədləri üçün zəruridir. Su siyasəti sistematik şəkildə milli adaptasiya planlarına daxil edilməlidir. Su ehtiyatlarının idarə olunması sahəsində biz bir-birimizdən çox şey öyrənə bilərik. Əminəm ki, Bakı Dialoqu bunun üçün mühüm platforma təmin edəcək. Almaniya bu dialoqda iştirakını səbirsizliklə gözləyir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Almaniya su məsələləri üzrə Bakı Bəyannaməsini dəstəkləyir və Bakı Dialoqu hədəflənmiş müzakirələrə və praktiki tədbirlərin həyata keçirilməsinə töhfə verə bilər.

"Su - bütün həyatın mənbəyidir və o, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və adaptasiya daxil olmaqla, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün əsas elementdir. Su eyni zamanda iqlim böhranının "xəbərçisi"dir. Çox zaman ya həddindən artıq çox, ya da həddindən az olur. Biz daha çox quraqlıqlar, artan su çatışmazlığı və dağıdıcı daşqınlarla qarşılaşırıq. Biz istəyirik ki, su problemin rəmzi deyil, həll yolunun bir hissəsi olsun", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31