Trampın vədi: “Rusiya və Çini ayıracam”- ÖZƏL

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi və keçmiş lider Donald Tramp, noyabrın 5-də qalib gələcəyi təqdirdə Rusiya və Çini "ayıracağına" söz verib. 

Olaylar.az xəbər verir ki, Tramp, telejurnalist Taker Karlsona verdiyi müsahibədə, hazırkı prezident Co Baydenin Rusiya və Çini birləşdirdiyini qeyd edib və bunu "biabırçılıq" adlandırıb.

"Bayden onları birləşdirdi. Bu, bir biabırçılıqdır. Mən onları ayırmalı olacam. Düşünürəm ki, bunu bacaracağam," - deyə Tramp bildirib.

Bundan öncə Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi, Çin ilə Rusiya arasında əməkdaşlığın getdikcə daha da dərinləşdiyini açıqlamışdı. Onun sözlərinə görə, hər iki ölkə mehriban qonşuluq prinsiplərinə sadiqdir və onların əməkdaşlığı konfrontasiya və üçüncü tərəfə qarşı yönəlməmə prinsiplərinə əsaslanır.

Rusiya prezidenti Vladimir Putin də ölkəsinin regionlarının böyük bir hissəsinin Çin ilə əməkdaşlığa dəstək verdiyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasındakı ayrılmaz tərəfdaşlıq, iqtisadi inkişafı gücləndirir və hər iki ölkənin enerji təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, ABŞ noyabrın 5-də növbəti, 47-ci prezidentini seçəcək. Ağ Ev uğrunda Demokrat Partiyasından vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasından keçmiş prezident Donald Tramp mübarizə aparır. Gərgin keçən seçki kampaniyasının qalmaqallarla yadda qalacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31