Lavrov ABŞ-dakı Prezident seçkilərində nəticə gözləntilərini sərt şəkildə tənqid etdi- ÖZƏL

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Türkiyənin "Hürriyet" qəzetinə verdiyi müsahibədə, ABŞ-da rusofob kursun dəyişəcəyinə dair perspektiv görmədiklərini bir daha vurğulayıb. 

Olaylar.az xəbər verir ki, Lavrov, 5 noyabrda keçiriləcək prezident seçkilərində Rusiya üçün hər hansı xüsusi bir namizədin üstünlük təşkil etmədiyini bildirib.

Diplomat, Donald Trampın əvvəlki prezidentliyi dövründə Rusiyaya qarşı ən çox sanksiyanı tətbiq etdiyini xatırladıb. Co Bayden administrasiyası dövründə isə rusofob siyasətin o qədər gücləndiyini bildirib ki, Rusiya ilə ABŞ artıq birbaşa hərbi münaqişə həddində balanslaşır.

"Seçkilərdə kim qalib gəlsə də, ABŞ-ın rusofob kursunda dəyişiklik gözləmirik," - deyə Lavrov qeyd edib. Bununla yanaşı, o, Rusiyanın səmimi və qarşılıqlı hörmət əsasında dialoqa hazır olduğunu, lakin bunun üçün ABŞ-ın ciddi niyyət göstərməli olduğunu vurğulayıb.

Müsahibəsində Lavrov, eyni zamanda, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığını tənqid edərək, bunun Ankaranın Ukrayna münaqişəsində vasitəçilik niyyətləri ilə ziddiyyət təşkil etdiyini qeyd edib. O, türk silahlarının Ukrayna ordusu tərəfindən rus hərbçilərinə və mülki vətəndaşlara qarşı istifadə olunduğunu vurğulayıb.

Bundan əlavə, Lavrov, Kiyev tərəfindən irəli sürülən "qələbə planı"nı "şizofrenik" adlandıraraq, Qərb liderlərini yeni geosiyasi reallıqları qəbul etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31