İspaniyada fəlakət yaşanır: 70-dən çox ölü, yüzlərlə yaralı var - Yenilənib - FOTO

20:35

İspaniyadakı daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.

Bildirib ki, Valensiya şəhərində ən azı 70 nəfər həyatını itirib. Yerli hökumət vətəndaşlara evlərini tərk etməməyi və lazım olmadığı müddətcə səyahət etməməyi tövsiyə edib.

Kastiliya La Mança muxtar ərzisinin rəsmiləri isə daşqınlar nəticəsində iki nəfərin həyatını itirdiyini əlavə edib. Onların arasında 88 yaşlı qadın da olub.

İspaniyanın Baş Naziri Pedro Sançes daşqının təsir etdiyi ərazilərdəki vətəndaşlara qarşıdan gələn günlərdə daşqının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, yerli hökumətin və müvafiq qurumların təbii fəlakət səbəbi ilə gücləndirilmiş iş rejiminə keçdiyini də vurğulayıb.

Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.

Sinoptiklər gələcək fırtınalar barədə xəbərdarlıq ediblər.

---------
16:45


İspaniyanın Valensiya bölgəsində baş verən güclü yağışlar və sel nəticəsində azı 62 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb və təxliyə edilib. Bu təbii fəlakət xüsusilə Valensiya və ətraf ərazilərdə ciddi dağıntılara səbəb olub, minlərlə hektar kənd təsərrüfatı sahəsi zərər görüb və nəqliyyat sistemində geniş miqyaslı pozuntular yaşanıb.

İspaniyanın Baş naziri Pedro Sançez və Kral VI Felipe hadisədən ölənlərin ailələrinə başsağlığı verərək, ehtiyat tədbirləri barədə xəbərdarlıq ediblər. Bu vəziyyət İspaniyanın cənub-şərqindəki bölgələrdə hələ də narahatlıq doğurur və gələcəkdə daha çox yağış gözlənilir​.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib. "İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların həyatını itirməsi və fəsadlar bizi dərindən kədərləndirir. Təbii fəlakətlə əlaqədar həlak olanların ailələrinə, eləcə də İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk", - bu barədə XİN-in "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31