Özbəkistanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilir - MSK sədri

Özbəkistanda parlament seçkiləri tam beynəlxalq standartlara uyğun keçirilir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat mərkəzində keçirilən brifinqdə MSK sədri Zayniddin Nizamxocayev bildirib.

"İndiyədək daxil olan məlumata görə, seçkilər yüksək əhval-ruhiyyədə, milli seçki qanunvericiliyinə, eləcə də beynəlxalq norma və standartlara, aşkarlıq, şəffaflıq və ədalətlilik kimi demokratik prinsiplərə tam uyğun şəkildə keçirilir", - deyə p qeyd edib.

Onun sözlərinə görə, parlament seçkilərini 800-dən çox xarici və beynəlxalq müşahidəçi izləyir. Həmçinin siyasi partiyalardan 55 min, vətəndaşların özünüidarə orqanlarından isə 10 mindən çox müşahidəçi iştirak edir.

"İndiyədək MSK-ya səsvermə zamanı seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı məlumat daxil olmayıb", - deyə MSK sədri əlavə edib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31