Bayden Sinvara görə Netanyahunu təbrik etdi

ABŞ Prezidenti Co Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Olaylar xəbər verir ki,  Amerika lideri bu barədə Berlinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada deyib.

Bayden Netanyahunu HƏMAS rəhbəri Yəhya Sinvarın zərərsizləşdirilməsi münasibətilə təbrik edib.

O, Qəzzada atəşkəslə bağlı ümidli olduğunu və müharibənin tezliklə bitəcəyini söyləyib. Bayden əlavə edib ki, dövlət katibi Antoni Blinkeni danışıqlar üçün İsrailə göndərir.

"Bu müharibənin bitməsinin və girovların evə qayıtmasının vaxtıdır. Biz bunu etməyə hazırıq. Mən də Blinkeni İsrailə göndərirəm. Bu barədə Netanyahu ilə danışmışam", - Bayden bildirib.

Ağ Evdən verilən məlumata görə, iki lider Sinvarın öldürülməsindən sonra Qəzzada qalan 101 girovu azad etmək üçün yeni imkanlar barədə danışıblar:

"İki lider girovların azad edilməsi üçün irəliləyiş imkanlarının olduğu və bu məqsədə nail olmaq üçün birlikdə çalışacaqları barədə razılığa gəliblər". (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31