Bu milyarderlər Trampa maliyyə yardımı edib - Siyahıda Mask da var

Amerikalı milyarder, iş adamı İlon Mask Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa maliyyə yardımı edib.

Olaylar.az bildirir ki, iş adamının Trampın prezidentlik kampaniyasını dəstəkləyən "America PAC" adlı yeni siyasi fəaliyyət komitəsinə üç ay ərzində təxminən 75 milyon dollar bağışladığı ortaya çıxıb.

Xarici mediada yayılan məlumatlara görə, əvvəllər demokratların namizədlərinə səs verdiyini deyən Mask bu seçkilərdə kəskin dönüş edərək Trampa açıq dəstəyini nümayiş etdirib. Digər tərəfdən, İlon Maskla yanaşı, bir sıra milyarderlərin də keçmiş prezidenti dəstəklədiyi bəlli olub.

Belə ki, respublikaçıların "meqa donoru" kimi göstərilən və 2021-ci ildə dünyasını dəyişən kazino maqnatı Şeldon Adelsonun israilli həyat yoldaşı Miriam Adelson Trampın kampaniya şirkətinə 95 milyon dollar, bankir Timoti Mellon isə 125 milyon dollar bağışlayıb.

Bu rəqəmlərə baxmayaraq, respublikaçı milyarderlərin ianələri Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kampaniyası üçün toplanan məbləğdən çox olmayıb. Həmin dövrdə Harris üçün 633 milyon dollar toplandığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31