Moldova Rusiyada keçiriləcək seçkilər üçün cəmi 10 min bülleten göndərib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Moldova hökuməti Rusiyada yaşayan 500 min vətəndaşı üçün keçiriləcək prezident seçkiləri və Avropa İttifaqına üzvlük referendumu üçün cəmi 10 min bülleten çap edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunda açıqlama verib.

Zaxarovanın sözlərinə görə, Moldova hökuməti öz ölkəsində Qərb dəyərlərini dəstəkləyən bir rejim kimi görünməyə çalışsa da, bu addım həmin dəyərlərin real vəziyyətini göstərir. O vurğulayıb ki, Rusiyada işləyən, təhsil alan və ailə quran, lakin hələ də Moldova vətəndaşı olan yarım milyona yaxın insanın seçkilərdə iştirak etmək hüququ var.

Bununla yanaşı, Rusiyada açılan seçki məntəqələrinin sayı beşdən ikiyə endirilib və yalnız Moskva və Sankt-Peterburqda məntəqələr fəaliyyət göstərəcək.

Qeyd edək ki, Moldova prezident seçkiləri 20 oktyabrda keçiriləcək və bu posta 11 namizəd iddia edir. Həmin gün ölkədə Avropa İttifaqına üzvlüklə bağlı referendum da planlaşdırılıb.

Bundan əvvəl Moldova hökuməti, Prednestrovya rəhbərliyinin Avropa İttifaqına üzvlük referendumu ilə bağlı təklifini rədd etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31