Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiya paketini açıqlamağa hazırlaşır
5 Fevral 2024 10:16 DünyaAvropa Komissiyası fevralın 24-dək Rusiyaya qarşı yeni 13-cü sanksiyalar paketini təsdiqləməyi planlaşdırır.
Olaylar.az-ın məlumatına görə, "Reuters" öz mənbələrinə istinadən yazır ki, AB məmurları mal idxalına yeni qadağaları daxil etməyəcəklər. Onlar Ukraynada müharibənin başlanmasının ikinci ildönümünə qədər sənədin qəbul edilməsi üçün bu addımı atıblar.
KİV-in məlumatına görə, AK Avropa İttifaqı üzvləri arasında minimal mübahisələrə səbəb olacaq tədbirlər təklif edəcək. Paketdə yüzlərlə hüquqi və fiziki şəxs daxil ediləcək. Həmçinin ikili təyinatlı malların satışı qadağan edilən Rusiya şirkətlərinin siyahısı da genişləndirilə bilər.
Agentlik qeyd edir ki, yeni sanksiyaların qəbulundan sonra AK dərhal idxala yeni məhdudiyyətləri daxil edəcək 14-cü paketi təklif etmək niyyətindədir.
Mənbənin sözlərinə görə, bəzi Aİ ölkələri Rusiyadan idxala, məsələn, alüminiuma yeni qadağaların sanksiyalar paketinə daxil edilməsini tələb edir. Eyni zamanda, Rusiyanın nüvə yanacağı və maye qaza qarşı sanksiyalar müzakirə edilmir. (Azpost.info)