“Tesla” gələn il yeni model elektromobil istehsalına başlayacaq
24 Yanvar 2024 14:11 DünyaABŞ-nin elektromobil istehsalçısı "Tesla" 2025-ci ilin ortalarında işçi adı "Redwood" olan yeni modelini istehsal etməyi planlaşdırır.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, elektromobil geniş kütlə üçün nəzərdə tutulan "kompakt krossover" olacaq.
"Redwood" elektrokarının start qiymətinin təxminən 25 min dollar olacağı gözlənilir. Onun qiyməti şirkətə 2023-cü ilin son rübündə satışlarda "Tesla" elektromobillərini qabaqlayan BYD kimi Çin şirkətləri ilə rəqabət aparmağa imkan verəcək. Şirkət həftədə bu modeldən olan təxminən 10 min elektromobil istehsal etmək niyyətindədir.
Xatırladaq ki, 2023-cü ilin noyabrında şirkətin sahibi İlon Mask Şimali Amerikada elektrik mühərriki ilə işləyən yeni "Cybertruck" pikapının satışının başladığını elan edib. Onun başlanğıc qiyməti 61 min dollardır.