Alper Gezeravcı bu gün Ərdoğanla danışacaq

Türkiyəli astronavt Alper Gezeravcının ilk telefon danışığının bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla olması gözlənilir.

Olaylar.az-ın məlumatına görə, türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı yeddi dəfə əlaqə saxlayacaq.

İlk türkiyəli astronavtının proqramına ailəsi və Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə telefon danışığı daxildir.

Gezeravcı Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmos Mərkəzi ilə əlaqə quracaq.​

Eyni zamanda, türkiyəli astronavtın Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türkiyəli tələbələrlə də telefon danışığı olacaq. Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkəsirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək.

Alper Gezeravcı kosmosdan Bakı, Konya, Ankara, İstanbul və Çanaqqalanın fotoşəkillərini çəkəcək. O, Mersinin Silifke mahalını və Ağrı dağının da şəklini çəkəcək.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin ilk pilotlu kosmos missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türkiyəli astronavt Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31