Türkiyə Xarici İşlər Nazirliyindən ilk reaksiya: İran, İraq və Pakistana mötədilliyə çağırış
18 Yanvar 2024 14:01 Dünyaİranın İraq və Pakistana hücumları ilə başlayan və daha sonra cavab hücumlarına səbəb olan gərginliklə bağlı Türkiyədən mötədilliyə çağırış gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Veriləb açıqlamada "Dost və qardaş İran, İraq və Pakistanı mötədil və sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq",- deyə qeyd olub.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur:
"İranın İraqdakı müəyyən hədəflərə hücumları ilə başlayan, daha sonra dünən səhər saatlarında İranın Pakistan daxilindəki bəzi hədəflərə hücumları ilə genişlənən və bu gün səhər (18 yanvar) Pakistanın İran daxilindəki hədəflərə hücumları ilə şiddətlənən inkişaflardan narahatıq. Hesab edirik ki, problemlər dostluq və qardaşlıq anlayışı ilə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında, beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə də BMT Nizamnaməsi çərçivəsində həll edilməlidir. Ümid edirik ki, bütün məsələlər regional təhlükəsizlik və sabitliyi daha da təhdid etmədən dialoq və əməkdaşlıq yolu ilə həll olunacaq. Biz dostlarımız və qardaşlarımız İran, İraq və Pakistanı mötədillik və sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq. Türkiyə Respublikası öz təcrübəsini bölüşməyə və mübahisələrin sülh yolu ilə həlli ilə bağlı region ölkələrinə töhfə verməyə hazırdır".