Ermənistandan geopolitik alət kimi istifadə edilir- Elçin Xalidbəyli-ÖZƏL
17 Yanvar 2024 16:20 Dünya"Cənubi Qafqazda maraqları olan bütün beynəlxalq siyasi iradə mərkəzləri hazırda regional sülh prosesinin əngəllənməsi istiqamətində fəaliyyət göstərirlər. Həmin beynəlxalq siyasi iradə mərkəzləri tam dəqiqliyi ilə bilirlər ki, əgər, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, onların Cənubi Qafqaza hər hansı təsir mexanizmləri qalmayacaq. Nəticədə bu regiona yerləşmək planları boşa çıxmış olacaq. Ona görə də, bütün mümkün vasitələrlə regional sülh prosesini pozmağa çalışırlar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:
"Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda geopolitik maraqları olan beynəlxalq güclərin Azərbaycana təsir mexanizmləri ümumiyyətlə, mövcud deyil. Rəsmi Bakı onların mövqeyini və maraqlarını nəzərə almadan Azərbaycanın mənafeləri çərçivəsində xarici siyasət yürütməkdə davam edir. Bu səbəbdən də, həmin beynəlxalq siyasi iradə mərkəzləri hazırda daha çox ermənipərəst mövqedən çıxış etməklə, Azərbaycana təzyiq mexanizmi yaratmağa cəhd göstərirlər.
Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda sülh prosesinə Avropa Birliyi ilə yanaşı, ABŞ və Fransa da ortaq fəaliyyət formatında əngəl törədir. Regional sülh prosesini əngəlləmək üçün isə ilk növbədə Ermənistandan geopolitik alət kimi istifadə edilir. Bir tərəfdən Ermənistanın beynəlxalq müdafiəsi təşkil olunur. Digər tərəfdən isə Fransa vasitəsilə Ermənistanın silahlandırılaraq, gücləndirilməsinə çalışırlar. Ancaq Avropa Birliyi, ABŞ və Fransanın ermənipərəst mövqeyi onların geopolitik maraqlarının təmin edilməsinə səbəb olmayacaq. Əksinə, son nəticədə bütün bunlardan ən çox ziyan çəkən məhz Ermənistan olacaq. İndiyə qədər dünyanın heç bir yerində ABŞ, Avropa Birliyi və Fransanın hansısa dövlətə və ya xalqa xeyir gətirdiyinə təsadüf olunmayıb. Bu beynəlxalq siyasi iradə mərkəzləri bir qayda olaraq, dəstəklədikləri dövlətləri və xalqları fəlakətə düçar ediblər. Ermənistanı da eyni təhlükə gözləyir.
Azərbaycan isə ABŞ, Avropa Birliyi və Fransanın geopolitik hoqqabazlığına baxmayaraq, inamla öz strateji hədəflərinə doğru irəliləyir. Avropa Birliyi də daxil olmaqla, Ermənistanın beynəlxalq himayədarlarının Azərbaycana qarşı təzyiq məqsədi güdən qərəzli mövqeyi rəsmi Bakını müstəqil siyasi qərarlar qəbul etmək vərdişlərindən uzaqlaşdıra bilməz".