Qəzzada 75 gün davam edən qarşıdurmada BMT-nin 136 əməkdaşı həlak olub - ÖZƏL
23 Dekabr 2023 10:25 Dünya"Qəzza zolağında 75 gün davam edən münaqişə zamanı BMT əməkdaşlarından 136 nəfər ölüb".
Olaylar.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.
"75 gündə Qəzzada 136 həmkarımız öldürüldü - BMT tarixində heç vaxt görmədiyimiz bir şey. İşçilərimizin çoxu evlərini tərk etmək məcburiyyətində qalıb. Onlara və həyatlarını riskə atan minlərlə yardım işçisinə baş sağlığı verirəm. Qəzzada mülki şəxsləri dəstəkləyin" - o, deyib.
Baş katibin sözçüsü Stefan Dujarrik daha əvvəl bildirmişdi ki, BMT-nin Qəzza zolağında həyata keçirdiyi humanitar əməliyyat tezliklə iflic ola bilər.
Oktyabrın 7-də Qəzza zolağında yerləşən radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhədyanı kibbutz qəsəbələrinin sakinlərini öldürməsi və qadın və uşaq da daxil olmaqla 200-dən çox insanı girov götürməsi ilə Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. HƏMAS hücumunu İsrail hakimiyyətinin Qüdsün Köhnə Şəhərində Məbəd dağındakı Əl-Əqsa məscidinə qarşı aqressiv hərəkətlərinə cavab kimi qiymətləndirib. İsrail buna cavab olaraq 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağının tam blokadaya alındığını elan edib və Qəzzaya, eləcə də Livan və Suriyanın bəzi hissələrinə hava zərbələri endirir. İordan çayının qərb sahilində də qarşıdurmalar davam edir.