ABŞ Senatı 2024-cü il üçün 886 milyard dollarlıq müdafiə büdcəsi layihəsini qəbul edib - ÖZƏL
14 Dekabr 2023 17:56 DünyaABŞ Konqresinin Senatı səsvermənin canlı yayımına əsasən, ölkənin 2024-cü maliyyə ili üçün rekord məbləğdə 886,3 milyard dollar dəyərində olan müdafiə büdcəsi layihəsini təsdiqləyib.
Ümumilikdə 62 senator lehinə, 10-u əleyhinə səs verib.
Senat tərəfindən təsdiqləndikdən sonra 2024-cü maliyyə ili üçün 3000 səhifəlik Milli Müdafiə Səlahiyyət Aktı layihəsi Nümayəndələr Palatasına göndəriləcək.
Sənəd 2024-cü ildə Ukraynaya maliyyə yardımı üçün 300 milyon dollar ayırır. 2025-ci maliyyə ilində bu məqsədlə daha 300 milyon dolların ayrılması planlaşdırılır.
Ümumi müdafiə büdcəsi keçən ildən 3% artaraq rekord həddə 886 milyard dollar təşkil edəcək.
Sənəd ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqləndikdən sonra imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.