Tehran rejiminin Güney azərbaycanlılara şovinst yanaşması Urmiyə gölünü qurutdu

Azər Qasımov: "Rejimin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarını Güney Azərbaycan ərazisində qazdığı quyularda basdırdığına dair məlumatlar mövcuddur"

Cənub qonşumuz İran bütün mümkün vasitələrdən istifadə edərək Güneydəki soydaşlarımıza qarşı basqıları, təzyiqləri artırmağa, azərbaycanlıların yaşadıqları ərazilərdəki yeraltı və yerüstü sərvətləri məhv etməyə çalışır. Tehranın Urmiyə gölü ilə bağlı siyasəti bunun bariz nümunəsidir.  Molla rejiminin istər Güney Azərbaycan, istərsə də Urmiyə gölü ilə bağlı məkirli planları barədə danışan politoloq Azər Qasımov deyib ki, İran fars rejiminin Azərbaycan türklərinə qarşı olan düşmənçilik siyasətinin davamlı olaraq yürüdüldüyü sahə olan Urmiyə gölü və bu göl ətrafında son on illiklərdə baş verənləri planlı soyqırım adlandırsaq yanılmarıq. Onun sözlərinə görə, Urmiyə gölünün məqsədli şəkildə qurudulması  Cənubi Azərbaycan, Bütöv Azərbaycan,  türklük, insani  və bəşəri məsələdir:

"Təbriz və Urmiyə şəhərləri arasında yerləşən Urmiyə gölü Türkiyə, Azərbaycan, Ermənistan və İraq sərhədlərinə yaxın strateji nöqtədə yerləşir. 102 adadan ibarət olan Urmiyə gölü ətrafındakı ərazilərdə 7 milyondan çox insan yaşayır. Urmiyə gölü Cənubi Azərbaycan ərazilərini öz ətrafında birləşdirən göldür. YUNESKO-nun  "Qoruqlar kitabı"na  daxil  edilmiş Urmiyə gölü eyniadlı şəhərin 25 kilometrliyində yerləşsə də, Urmiyə gölünün sahilləri Təbriz, Urmiyə, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini əhatə edir. Urmiyə gölü haqqında söhbət gedərkən insanı valeh edib, heyrətləndirən bir cəhət də gölün içərisində onlarla adanın və bir neçə yaşayış məskəninin olmasıdır. Göl haqqında yazılanlardan məlum olur ki, burada böyüklü-kiçikli 102 ada vardır. Pəhləvilər dövründə (Rza və Məhəmmədrza şah) tüğyan edən  fars şovinizmi bu adaların da tarixi türk  adlarını farslaşdırmışdır. Abbas Cəfəri tərəfindən tərtib edilmiş "İranın təbii coğrafiyası haqqında məlumat" kitabında göstərilir ki, Urmiyə gölündəki 102 adadan dörddə birinin tarixi türk adları farslaşdırılmışdır. Arpa dərəsi "Covin",  Ağ dağ "Spid", Əbülqasım daşı "Zirabə", Əhməd daşı "Bstur", Çayırlı "Brd",  Daş ada "Brdin", Sarıtəpə "Zərtəpə",  Qara təpə "Siyahtəpə", Qılıcyağlıqara "Şəmşiran" və s. 1979-cu il İran inqilabından  sonra da adadakı tarixi türk adları bərpa edilməmişdir. Göldəki adaların bir neçəsində (Şahi, Qoyun dağı) əhali yaşayır. Onlar  bağçılıq, əkinçilik və maldarlıqla məşğuldurlar. Adaların birlikdə sahəsi 33-34  min hektardır. Adalarda 54-ə qədər çeşmə və su mənbəyi vardır ki, bunların bir çoxunun  suyundan təsərrüfatdan başqa, məişətdə də istifadə olunur. Şahi adası 2525 hektar, Qoyundağı isə 3175 hektar ərazidə yerləşir.  Gölün səviyyəsindən 300-350 metr, dəniz səviyyəsindən isə 1500 metrdən çox  yüksəklikdə yerləşən adalarda onlarca ailə yaşayır. Onların bir çoxu əkinçilk və maldarlıqla məşğul olmaqdan əlavə, gölün  sahil limanlarında da işləyirlər. Son illərdə göldəki suyun azalması adalardakı əhalinin sahil məntəqələrə gedib-gəlməsini asanlaşdırsa da, sahildəki limanların fəaliyyətinə mənfi təsir göstərir. Şor gölün  içində insanlara yaşamaq və işləmək üçün  qoynunda yer verən adaları əslində təbiətin möcüzəsi adlandırmaq olar".

Azər Qasımov deyib ki, Urmiyə gölünün tarixi olduqca qədimdir: "İranın tanınmış coğrafiyaşünas alimi Mustafa Şəhram özünün "İranın dəniz və gölləri" kitabında qədim mənbələrə əsaslanıb gölün 30-40 min il əvvəl yarandığını yazır. Ən qədim vaxtlardan indiyə qədər Urmiyə gölünə müxtəlif adlar  verilmişdir. "Çiçe" (fransız səyyah Şarden), "Təla" (Murat Əlbəldan), "Şahi gölü" (Human Fərzad) və s. Ərəblərin istilasından sonrakı orta əsr mənbələrində çox vaxt göl Urmiyə şəhərinin adı ilə bağlı "Urmiyə gölü" adlandırılmışdır. Rza şah şahlıq taxtını qəsb etdikdən sonra (1925) Güneydəki bir çox yer adları kimi, gölün də öz tarixi adı (şəhərin adı kimi) dəyişdirilərək "Rzaiyyə gölü" adlandırılmışdır. Xalq isə gölü həmişə Urmiyə gölü kimi tanımış və tanıyır. Sahəsi 6200 kvadrat kilometr, uzunluğu 120 və eni təxminən 50 kilometr olan Urmiya gölü 15 il əvvələ kimi dünyanın ikinci duzlu gölü idi".

Politoloq deyir ki, Qərbi Azərbaycan regional su şirkəti 40 il əvvəl Urmiyə gölünün su həcminin 31 milyard kubmetr olduğunu bildirmişdi: "Hazırda həmin şirkətin verdiyi statistikalara əsasən onun həcmi 2 milyard 950 milyon kubmetrə düşüb. Bu isə gölün 90 faizinin quruduğunu bildirir. Amma indi, 700 min kubmetrə yaxın su qalır. Gölün tam quruması ilə orada digər duzlarla qarışıq 10 milyard ton duz cəmlənmişdir. Gölün dibindəki suxurlar duz kristalları ilə dolduğu və gölün dibini qaldırdığı üçün göl artıq dərin deyildir, daha çox bir su anbarına bənzəyir. Dəniz səviyyəsindən 1274 metr  hündürlükdə yerləşən Urmiya gölünün ən dərin yeri 16 metr olmuşdu. İndi quru duzlar kristal şəklindədir və gələcəkdə günəş şüaları altında toz halına gələcək, sonra isə külək və tufanla birlikdə duz sunamisi baş verəcək və duz bombasının partlaması ərazini yaşayış üçün qeyri mümkün olan bir səhraya çevirəcəkdir".

Azər Qasımov qeyd edib ki, bu göldə yeganə canlı varlıq elmi adı "Artemia Urmiana" olan və eyni zamanda Urmiyə kürüsü kimi tanınan artemiyadır: "Bir vaxtlar ümid edilirdi ki, artemiyadan düzgün istifadə edilərsə, onun ixracından əldə olunan gəlir rayonun ümumi kənd təsərrüfatı gəlirindən çox olacaqdır. İndi gölün qalan suyunda həddindən artıq duzluluq olduğundan artemiyalar üçün yaşamaq və çoxalmaq mümkün deyil və onlar məhv olub gedirlər".

Azər Qasımov deyir ki, Urmiyə gölünün qurumasının səbəbi ilə bağlı bir neçə nəzəriyyə vardır:

"Amma bu nəzəriyyələrin hamısında gölün qurumasının əsas səbəbi kimi insan amili və suyun düzgün idarə olunmaması göstərilir. 20 faiz təbii səbəblərdən baş verən quruma 80 faiz insan faktorundan qidalanır. Nəzəriyyələrdən bəziləri gölün İslam Respublikası tərəfindən məqsədyönlü şəkildə qurudulmasını siyasi motivlərlə vurğulayır, digərləri isə gölün qurudulmasını xarici güclərin daxildəki agentləri tərəfindən həyata keçirilən trans-regional plan kimi qiymətləndirirlər". Politoloq deyib ki, Cənubi Azərbaycan Urmiyə gölünün ətrafında toplaşıb. Baş verən faciə isə Azərbaycan türklərinin ən həssas məsələsi kimi görünür:

"Çünki bu faciə nəticəsində Güneydə ətraf mühit böyük ölçüdə ziyan görür, bu da bölgədə yaşayan bütün canlıların həyatını birbaşa təhlükəyə atır. Azərbaycanlıların yaşadığı bölgədə 30 il müxtəlif şəkildə xəbərdarlıqlara laqeyd yanaşmaq, eyni zamanda daha da pisləşdirici layihələri həyata keçirmək, İranda dövlət səviyyəsində olan çevrə irqçiliyinin nümunəsidir. Son prezident İbrahim Rəisi də yenə vədlərlə çıxış edib, lakin vəziyyətin daha da pisləşdiyi müşahidə olunur. Hazırda Urmiyə gölü çox acınacaqlı vəziyyətdədir.

SEPAH-ın "Xatəmül-Ənbiya" şirkəti tərəfindən bəndlərin tikintisinə başlanılmış və Urmiyə gölünə tökülən 22 çay üzərində 40 bənd inşa edilmişdir. Həmçinin Urmiyə gölünün suayrıcında qazılan 100 mindən çox dərin quyu gölün altındakı bulaqların korlanmasına və qurumasına səbəb olub. Beləliklə, gölün yeganə su mənbəyi qar və illik yağış oldu. Eyni ənənəvi suvarma üsulu ilə əkin sahələri iki dəfə artırılaraq 600 min hektara çatdırıldı. Suyun gölə daxil olmasının qarşısı alındı. Bununla da ərzaqla özünü təmin etmə siyasətinin icrası mümkün olmadı".

Azər Qasımovun sözlərinə görə,   İran hökuməti Urmiyə gölü məsələsini öz boynundan atmaq istəsə də, xalq heç vaxt buna inanmayıb: "Keçirilən etiraz aksiyalarında da ən çox səslənilən şüar "Urmu gölü can verir, Milli Məclis onun qətlinə fərman verir" idi.  İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Tehran rejimi Güney Azərbaycanın ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Rejimin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarını Güney Azərbaycan ərazisində qazdığı quyularda basdırdığına dair məlumatlar mövcuddur. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb. İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiyə gölü də quruyur. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Urmiyə gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur. Təbii sərvətinə və müalicəvi önəminə görə Urmiyə gölü İran ərazisindəki 6 göldən ən zənginidir. Göl yerləşdiyi relyefə, təbii gözəlliyə, şəfalı su və palçığında olan mineral  maddələrin çoxluğuna görə təbiətin bu  bölgəyə verdiyi əvəzsiz nemətdir. Gölün suyu həddindən artıq şor olduğundan suya düşən insan boğulmur. Gölün sahilindəki palçıq  böyük müalicəvi keyfiyyətə malikdir.  Suyu və palçığı ifrazat yollarının təmizlənməsində,  artroz, əsəb, dəri-zöhrəvi, saçtökülmə,  revmatizm və qadın xəstəliklərinin müalicəsində şəfavericidir.  Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı. ("Gülmənxana", "Şərəfxana", "Heydərabad", "Rəhmanlı", "Xantaxtı", "Şahi") Diqqət ayrılıb qayğı göstərilərsə, şöhrəti İran  hüdudlarını çoxdan aşmış Urmiyə gölü beynəlxalq sanatoriya və müalicə mərkəzlərindən birinə çevrilə bilər.  Göl mineral maddələrlə də zəngindir. Mütəxəssislərin yazdıqlarına görə, göldəki  mineral maddələr milyard tonlarladır. Bu minerallar ölkənin tələbatını ödəməkdən başqa,  ixracatda da canlanma yaradar və böyük gəlir əldə etməyə imkan verə bilər.

Urmiyə gölü ilə bağlı yaranmış faciəli  durumun ilk acı nəticələri haqqında mətbuatda gedən xəbərləri ağrı-acısız  oxumaq mümkün deyil. "Təbrizin səsi" və "Öyrənci" qəzetlərinin yazdığına görə, Təbiəti Mühafizə İdarəsinin başçısı Məhəmməd  Cavad Məhəmmədzadənin dediklərinə əsaslanaraq deyə bilərik ki, gölün qurumuş  bölgəsində yaranmış ağır ekoloji vəziyyət  buradan 40 kəndin sakininin başqa  bölgəyə köçməsinə səbəb olmuşdur. Güney  Azərbaycanın qərb bölgəsində çap olunan  "Ağrı" qəzeti özünün 29 aprel 2012-ci il  tarixli (N-126) nömrəsindəki "Həftənin dərdi-dili" bölümündə "Məbada Azərbaycan  Sistan kimi olsun" sərlövhəli məqalədə yazır: "Vaxtilə Sistanın məhsuldar zəmiləri  özünün bol buğdası ilə İranın şərq və mərkəz bölgələrini taxıl ilə təmin edirdi. 1316-cı ildən sonra Hamun gölünə tökülən suların istiqaməti dəyişdikdən  sonra dövlət gölün  qurumasının qabağını almaq üçün  heç bir  tədbir  görmədiyindən bu göl qurudu, bu  yerlərin ekologiyası kökündən dəyişdi. Quru  küləklər ildə ən azı 170 gün əsməyə başladı. Məcburiyyət qarşısında yerli əhali başqa  bölgələrə, əsasən Gülüstan, Xorasan,  Kirman, İsfahan və başqa yerlərə mühacirət etmək məcburiyyətində qaldı. Allah eləməsin  ki, bu fəlakət bizim də başımıza gəlsin".

Deyilənlərdən aydın olur ki, Tehran rejiminin Güney azərbaycanlılara göstərdiyi şovinst yanaşma Urmiyə gölünü qurutdu. Odur ki, terroru himayə edən İran hakimiyyəti bu su hövzəsinin qurumasına etinasız yanaşması ilə ekoloji terrorun da müəllifi oldu".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31