Rusiya-Ukrayna müharibəsinin yeni fazası başlayır? - ÖZƏL
21 Fevral 2023 11:41 Dünya"Rusiya-Ukrayna müharibəsinin yeni fazaya keçməsi artıq labüddür. Uzun zamandan bəri istər Rusiya, istərsə də Ukrayna tərəfinin hərbi hazırlıqları belə deməyə əsas verir".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ABŞ prezidenti Co Baydenin Kiyevə səfərini şərh edərkən səsləndirib. O bildirib ki, müharibənin ildönümü və Rusiyanın bu günlərdə yeni hücuma keçmə ehtimalının artdığı bir zamanda ABŞ Prezidenti C.Baydenin Ukraynaya gözlənilməyən səfəri Vaşinqtonun Ukraynaya ən yüksək səviyyədə dəstək verəcəyinin işarəsi idi: "Bu, bir növ Rusiyaya meydan oxumaq idi. Təbii ki, bu, dolayısı ilə müharibəni qızışdırmaq kimi dəyərləndirilsə də, Rusiya kimsəyə başqa yol buraxmayıb. Tərəflərdən birinin məğlub olması yeni dünya düzəninin qalib tərəfin istəyinə uyğun şəkil alması demək olacaq ki, bu da ABŞ üçün vacib məsələdir".
Azər Qasımov deyib ki, ABŞ Rusiyanın məğlub olacağına əmindir: "Baydenin Kiyevə səfəri də bu əminlikdən doğan özgüvəndir. Hava həyəcanı siqnalları altında Kiyev küçələrində addımlamağın özü Moskvaya verilən ən güclü mesajdır".