Dünyada bənzəri olmayan Horma şəlaləsinə uzanan 3 kilometrlik taxta körpü - ÖZƏL - FOTO
2 Dekabr 2022 19:10 DünyaTürkiyənin Kastamonu şəhərinin Pınarbaşı bələdiyyəsinin ərazisinə daxil olan Horma şəlaləsi son illər xarici turistləri cəlb edən turizm zonalarından birinə çevrilib. Buranı turistlər üçün cəlbedici edən əsas məqam şəlaləyə doğru uzanan 3 kilometrlik taxta körpüdür.
"OLAYLAR" xəbər verir ki, körpünün inşasında əsasən xarici mütəxəssislər iştirak edib. Dağların arasından salınan 3 kilometrlik taxta körpü turistlərin Horma şəlaləsini daha yaxından izləməsinə ideal imkan yaradıb. Bundan başqa körpünü qət edərkən yorulan turistlər üçün də müəyyən bir məsafədən sonra oturacaqlar qoyulub.
Bir neçə ildir turizm istirahət mərkəzi kimi fəaliyyət göstərən əraziyə səfər edən turistlərin burada gecələməsi üçün kotteclər də inşa edilir. Ərazinin işlətməçisinin bildirdiyinə görə, daha çox Yaponiya və Çindən olan turistlər üçün ərazi böyük maraq doğurur və hər iki ölkədən olan turistlər qrup halında bura səfər edirlər.
Hazırda ərazidə turistlərin marağına səbəb olacaq digər işlər görülür. Bu sıraya turistlər üçün cins atlarının gətirilməsi və ərazidə xüsusi meydançanın salınması daxildir. Tezliklə Horma şəlaləsinin Türkiyənin ən çox turist cəlb edəcək bir məkanına çevriləcəyi şübhə doğurmur. Çünki Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi də Horma şəlaləsi yerləşən ərazidə infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirməyi qərarlaşdırıb.




