Hindistanda körpü uçub: Ölənlərin sayı 141-ə çatıb, itkin düşənlər var- ÖZƏL

Hindistanın qərbindəki Qucarat vilayətində piyadalar üçün nəzərdə tutulmuş asma körpünün uçması nəticəsində azı 141 nəfər ölüb.

Olaylar.az bildirir ki,  ölənlərin əksəriyyəti qadın, uşaq və ya qocadır. Körpü bundan əvvəl də zərər görmüş və cəmi bir həftəlik təmir işlərindən sonra yenidən istifadəyə buraxılmışdı.
Rəsmilərin dediyinə görə, insanlar milli əyləncə növü olan "Diwali" festivalını qeyd edərkən körpüdə həddindən artıq sıxlıq yaranmışdı.

Maççu çayı üzərindəki 230 metr uzunluğundakı bu körpü 19-cu əsrdə Britaniya hakimiyyəti dövründə tikilmişdir.

Ölənlərin sayının daha da artacağı gözlənilir.
Polis, hərbçilər və təbii fəlakətlə mübarizə qrupları səfərbər edilib və xilasetmə işləri davam edir.

Rəsmilər indiyədək 177-dən çox insanın xilas edildiyini bildirib.
Dağılmadan əvvəl çəkilmiş bir videoda körpünün insanlarla dolu olduğu, aramsızca yelləndiyi və çox insanın ətrafdakı torları tutduğu əks olunub.

Hindistanın baş naziri Narendra Modinin vətəni Qucarat ştatıdır və o, həlak olanların ailələrinə təzminat ödəyəcəyini açıqlayıb. O, faciəyə görə dərin kədərləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31