Donald Trampın birinci həyat yoldaşı İvana Tramp vəfat edib
15 İyul 2022 11:34 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp birinci həyat yoldaşı İvana Trampın dünyasını dəyişdiyini açıqlayıb.
Keçmiş həyat yoldaşının ölümünü sosial media platforması olan Truth Social-da bir paylaşımla elan edən Tramp, "Onu sevən bir çox insana İvana Trampın Nyu Yorkdakı evində dünyasını dəyişdiyini bildirməkdən çox üzgünəm" deyib.
"O, ruhlandırıcı həyat sürən gözəl qadın idi. Onun qüruru və sevinci üç övladı kiçik Donald, İvanka və Erik idi. Hamımız onunla fəxr etdiyimiz kimi, o da övladları ilə fəxr edirdi. Rahat yat İvana!"
Çexiyada anadan olan İvana 1977-ci ildə Nyu-Yorkda dövrün ən məşhur daşınmaz əmlak investorlarından biri olan Donald Trampla evlənib.
2016-cı ildə Donald Trampın ABŞ prezidentliyinə namizədliyini dəstəkləyən İvana Tramp 2017-ci ildə analıq mövzusunda "Trampı yetişdirmək" kitabını yazıb.