Türkiyə-Ermənistan sərhədlərinin açılması regionda vəziyyəti dəyişə bilər?

İndi münasibətlər Bakının maraqları və istəkləri fonunda baş tutur

Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdikdən sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması səyləri artmaqdadır. Artıq siyasi və hərbi ekspertlər Yerevan-Ankara münasibətlərinin normallaşdırılması istiqamətində müəyyən addımların atıldığı qənaətindədirlər. Belə ki, bu istiqamətdə hər iki ölkənin xarici siyasət idarə rəhbərləri tərəfindən ilkin danışıqların aparıldığı bildirilir. Məlumat üçün qeyd edək ki, Türkiyə 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan ərazilərini ələ keçirməsindən sonra Ermənistanla sərhədini bağlayıb. İndiyə qədər dəfələrlə sərhədlərin açılması istiqamətində edilən təşəbbüsləri reallaşdırmaq mümkün olmayıb. Lakin 2020-ci ildə Azərbaycan hərbi qüvvələrinin öz ərazilərini geri alması ilə bəzi təhlilçilər Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün qapıların açıldığını deyirlər. "Bu gün Ermənistan və Türkiyə ilə bu yaxınlaşma üçün heç bir aydın maneə yoxdur. Çünki xatırladığımız kimi, konkret desək, 1990-1993-cü illərdə bu ərazilərin işğalı səbəbindən Türkiyə sərhədi bağlamaq qərarına gəlmişdi. Beləliklə, indi bu əsaslandırma aradan qalxıb, bununla yanaşı, Bakıdan Türkiyə ilə ermənilərin yaxınlaşması ilə bağlı müsbət mesajlar da var" - deyə, İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen bildirib. Yeri gəlmişkən, Türkiyə və Ermənistanın nümayəndələri münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqların nəticəsi olaraq hər iki tərəf bu danışıqları konstruktiv adlandırıb. Buna baxmayaraq, siyasi ekspertlər hesab edirlər ki, Türkiyə-Ermənistan əlaqələrinin yenilənməsi regionda vəziyyəti  yenidən dəyişə bilər. Buna baxmayaraq, Ermənistanla sərhədə bitişik Akyak bölgəsində Türkiyə ərazilərinin minalardan təmizlənməsi prosedurunun həyata keçirildiyi bildirilir. Məlumata görə, mina təmizlənmə əməliyyatı artıq 3 həftədir ki, davam edir. Təmizlənməni İsrail şirkəti həyata keçirir.  Bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlardan biridir. Doğukapı və Alikan keçid məntəqələrinin açılışı üçün aktiv hazırlıq işləri aparılır. Ermənistan tərəfdən bunlar müvafiq olaraq Axuryan və Marqara keçid məntəqələridir. Sərhədlər hələlik üçüncü ölkə vətəndaşları üçün açılacaq.

Siyasi şərhçi Asif Nərimanlı  hesab edir ki, Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var: "Xatırladaq ki, Ərdoğanla Paşinyan ilk dəfə telefon danışığı həyata keçirdi. Bu, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur. Maraqlar məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, Ermənistan Türkiyə - Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, "dalan ölkə" olmaqdan çıxmaq istəyir. Ankara qondarma "erməni soyqırımı" kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirməyə çalışır. Bakı postmünaqişə dövrünün gündəliyinin - ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması kimi məsələlərin tamamilə reallaşmasını, Ermənistana Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir". Onun sözlərinə görə, bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır: "Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi, Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı. İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur. Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil. Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir. Rusiya "3+3" formatının qurulmasından yanadır, Türkiyənin, həm də Azərbaycanın da marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Və bu bizə imkan verir ki, 10 noyabr razılaşmasının bəndləri icra edilsin; Zəngəzur dəhlizi "dəhliz məntiqi" ilə açılsın: "dəhliz məntiqi" yola nəzarət baxımından Rusiyanın da marağındadır; Sülh sazişinin imzalanması şərtləri yetişsin. "3+3" formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin necə yetişdiriləcəyi hələ də sual altındadır. Danışıqlarla, yoxsa razılaşmağa məcbur edəcək hərbi addımlarla?"

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31