Toyota Yaponiyada zəlzələ səbəbindən 18 istehsal xəttini dayandıracaq
18 Mart 2022 12:21 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın ən böyük avtomobil korporasiyası Toyota Motor martın 17-də gecəsi saatlarında baş verən güclü zəlzələ səbəbindən ölkədəki 11 zavodda 18 istehsal xəttinin işini dayandırmaq qərarına gəlib.
Qeyd olunur ki, zavoddan asılı olaraq, dayandırma martın 21-dən 23-dək davam edəcək.
Xatırladaq ki, Yaponiyanın şimal-şərqində 7,3 bal gücündə zəlzələ baş verib. Daha sonra yerli seysmoloqlar zəlzələnin maqnitudasını 7,4-ə çatdırıblar. Zəlzələnin episentri Fukusima prefekturasının şərqində Sakit okeanda, ocağı isə 60 km dərinlikdə olub. Zəlzələlər ölkənin şimal-şərq sahillərində sunami təhlükəsi yaradıb. Fukusima və Miyaqi prefekturalarının sahillərinə hündürlüyü təxminən 20 sm olan dalğalar gəlib.
Yaponiya mediası və ölkənin müxtəlif prefekturalarından olan xilasedicilər zəlzələ nəticəsində ümumilikdə 3 nəfərin öldüyünü və ən azı 222 nəfərin yaralandığını bildirib. Yaponiyanın baş naziri Fumio Kişida parlamentdə çıxış edərək, zəlzələnin 4 nəfərin qurbanı ola biləcəyini deyib. Təbii fəlakət həmçinin irimiqyaslı elektrik enerjisinin kəsilməsinə, dəmir yolu nəqliyyatının işində fasilələrə səbəb olub. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.