Dünyanın ən əcaib, qəribə restoranları – Fotolar

Dünyanın ən əcaib, qəribə restoranları - Fotolar

Dünyada bəzi restoranlar var ki, onlar qəribəliyi ilə fərqlənir. Əlbəttə ki, bu qəribəlik daha çox müştəri cəlb olunmasına hesablanıb. 

Məsələn, bu yaxınlarda Norveçdə ilk dənizaltı restoran fəaliyyətə başlayıb. Bu restoran dənizin dərinliyində inşa olunub. Restoranın divarları və tavanı şüşədən ibarətdir. Müştərilər ətrafında hər növ su canlısının üzməsini izləyərək, yemək yeyirlər. Təbii ki, bu restoranda qiymətlər dəfələrlə bahadır.

Qeyd edək ki, buna qədər dünyanın bir sıra ölkələrində dənizaltı restoranları açılıb.

Keniyada isə bir restoranda zürafə ilə səhər yeməyi yemək imkanı verilir.

İsveçrədə isə "Hr Giger Museum" adlı muzeydə kofe içmək olar.

Yaponiyada "-s Baggers" adlı restoran isə artıq bir neçə ildir ki, dünyanın ən əcaib restoranları siyahısında yer alıb və kifayət qədər də məşhurdur. Bu restoranın özəlliyi ondan ibarətdir ki, burada ofisiantlar yoxdur. Belə ki, restoranda hər şey avtomatik sxemdədir. Sifarişlər elektronik aurada alınır, yuxarıda aşpazlar tərəfindən hazırlanan sifarişlər sürüşmə mexanizmi ilə aşağıdakı masalara servis edilir.

Katmanduda yerləşən "Naulo" adlı restoranda müştərilərə robotlar xidmət göstərir. Bu Nepalın ilk robot ofisiantlarıdır və 2018-ci ilin noyabrından çalışırlar. Onların bütün cavabları öncədən proqramlaşdırılıb və ən sevdikləri ifadə "Nuş olsun" dur.
Bundan əvvəl belə bir restoran Hong Konqda açılmışdı. Bu restoranda mətbəxdə də robot çalışır. Belə ki, robotlar mətbəxdə yemək hazırlayır, üzərində monitor olan digər robot sifariş alır, əlində nimçə olan robot isə yeməkləri müştərilərin süfrəsinə gətirir.

Las Veqasda bir restoran yerdən təxminən 50 metr hündürlükdə yerləşir. Buna görə də bu restoranı "səma restoranı" da adlandırırlar. Hündürlük qorxusu olmayan müştərilər bu restorana axışır. Təbii ki, burada da digər restoranlarlar müqayisədə qiymətlər xeyli bahadır.

Çində bir neçə il öncə tualet-restoran da açılıb. Bəlkə də bu restoranın adı çoxlarına qəribə gəlir, amma restoran açılan zamandan bu günə qədər müştəri qıtlığı ilə üzləşməyib. Qeyd edək ki, bu restoran Çinin Şanxay şəhərində yerləşir. Burada yemək üçün unitazın üstündə oturmaq gərəkir. Restoranın divarları tualet kağızları və duş başlıqları ilə bəzədilib. Yeməklər isə unitaz formalı qablarda servis edilir.

Artıq Portuqaliyada da belə bir restoran açılıb. Bu restoranda da müştərilər unitazın üstündə oturur. Salfet yerinə süfrədə tualet kağızı olur.

Kanada da isə bir restoran tam qaranlıqda fəaliyyət göstərir. Burada şamdan, fənərdən, mobil telefonun işığından istifadə etmək olmaz. Qaranlıqdan romantik həzz alanlar bu restorana üz tutur.

Çində daha bir qəribə iaşə obyekti - buz restoran var. Bu restoran hər il baş tutan və yüzlərlə buz heykəllərin nümayiş etdirildiyi "Harbin buz festivalı"nın bir hissəsidir.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31