Gürcü kilsəsi susur, müsəlmanlar isə Ukraynanı təbrik edir

Gürcüstan Şiə Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədov və Marneulidəki "İmam Əli" məscidinin axundu Hacı Hacıyev Ukrayna Pravoslav Kilsəsini avtokefaliya münasibətiylə təbrik edib.

Təbrikdə Ukrayna kilsəsinin uzun illər Rusiyanın təsiri altında olduğu bildirilib və avtokefaliya bütün ukraynalılar üçün böyük uğur adlandırılıb. Həmçinin avtokefaliyanın Ukraynanın imperiya təsirindən azad olması üçün vacib addım olduğu vurğulanıb.

Jurnalistlərə açıqlama verən Mirtağı Əsədov Gürcüstan Pravoslav Kilsəsinin bu məsələ ilə bağlı mövqeyini anladığını deyib:

"Rusiya işğal edilmiş Abxaziya və Cənubi Osetiyadakı kilsələrin müstəqilliyini tanımır. Ona görə də Gürcüstan Patriarxlığının Ukrayna kilsəsinin avtokefaliyasını tanımaqda ehtiyat nümayiş etdirməsi başa düşüləndir".

Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi hələ də Ukrayna Pravoslav Kilsəsini avtokefaliya münasibətiylə təbrik etməyib. Gürcüstan kilsəsinin bu addımı ölkənin özündəki bəzi din xadimlərinin etirazına səbəb olub.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31