Malayziyada yarım il hava limanında yaşayan Suriya vətəndaşı həbs olunub

Malayziya polisi yarım il ərzində Kuala Lumpur Beynəlxalq Hava Limanının uçuş zonasında yaşamış və sosial şəbəkələrdə həyatı barədə reportajlar aparan Suriya vətəndaşını həbs edib.

Suriya vətəndaşı Həsən əl-Kantar mart ayında Dəməşqə uçuş bileti ilə uçuş zonasına daxil olub və 6 ay müddətində orada qalıb. O, sosial şəbəkələrdə Suriyaya qayıdacağı təqdirdə, orduya cəlb olunacağı və cəbhəyə göndəriləcəyini bildirərək vətənə dönməkdən imtina etdiyini açıqlayıb. Dünən isə Əl-Kantar məhdud girişli ərazidə qeyri-qanuni qalmaq ittihamı ilə həbs edilib.

"Biletlə uçuş zonasına çıxan sərnişinlər təyyarəyə oturub uçmalıdır. O isə bunu etməyib. Deməli, bu müddət ərzində məhdud girişli ərazidə qeyri-qanuni qalıb. Hökumət buna reaksiya verməli, vəziyyəti həll etməli idi", - deyə Malayziyanın Miqrasiya Xidmətinin baş direktoru Mustafar Əli suriyalının həbsi barədə danışarkən söyləyib. Onun sözlərinə görə, polis bölməsində sorğu-sualdan sonra Əl-Kantar miqrasiya orqanlarına veriləcək.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31