Jan-Klod Yunker: "“Sərt Brexit ssenarisi” ciddi çətinliklərə səbəb ola bilər"

Avropa İttifaqı əvvəlki kimi Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması məsələsi üzrə hər iki tərəfə sərf edən saziş imzalayacağına ümid edir.

Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker oktyabrın 2-də Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında çıxış edərkən deyib. "Biz sazişin imzalanmasını istəyirik. Sazişin olmamasının daha yaxşı olacağını düşünənlər, belə ssenarinin hansı çətinliklər yaradacağını təsəvvür etmirlər", - deyə Yunker bildirib.

Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması şərtlərinə dair Londonla Brüssel arasında rəsmi danışıqlar 2017-ci il iyunun 19-dan başlayıb. Bundan bir il öncə isə Birləşmiş Krallıqda Brexit məsələsi üzrə referendumda 51,9 faizin 48,1 faizə nisbətində avrointeqrasiya əleyhdarları üstünlük qazanıb.

Brexit formal olaraq 2019-cu il martın 29-da başa çatmalıdır. Bundan sonra keçid dövrü başlayacaq. Bu dövr 2020-ci ilin axırınadək davam edəcək.

Böyük Britaniyanın Baş naziri Tereza Mey Aİ-nin Birləşmiş Krallığın təkliflərini qəbul etməməsi səbəbindən noyabr ayında başa çatdırılması planlaşdırılan müzakirələrin dalana dirəndiyini bildirib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31