Qərbin Moskvaya yeni mesajı
19 Sentyabr 2018 12:04 DünyaTürkiyə və Rusiyadan fərqli olaraq, Suriyada kənar oyunçular yeni müharibənin alovlanmasında maraqlıdır
Yaxın Şərq, xüsusilə də Suriya məsələsində müttəfiq qismində çıxış edən Türkiyə, Rusiya və İran arasında zaman-zaman xırda problemlər yaransa da, lakin Moskva, Tehran və Ankara çətinliklə də olsa son anda həmin problemləri aradan qaldırmağa müvəffəq olur. Onu da qeyd etmək yerinə düşər ki, sözügedən müttəfiqlik daha çox Qərbin və Birləşmiş Ştatların Yaxın Şərqdəki maraqlarına ziddiyyət təşkil etdiyindən məhz bu supergüclərin də planları Türkiyə, Rusiya və İran arasında münasibətlərin sərinləşməsinə xidmət edir. Hələlik isə qeyd etdiyimiz kimi Yaxın Şərqdə Birləşmiş Ştatlar və Qərbə qarşı dirəniş nümayiş etdirən məhz Moskva-Tehran-Ankara üçlüyüdür. Son günlər Suriyada suların duralmağa doğru getməsi də bu müttəfiqliyin uğurlu alındığından xəbər verir. Baxmayaraq ki, Tehran və Moskva müəyyən mənada bu ittifaqda Ankaranı təkləmək istəyir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, pölitoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Suriya üzrə Rusiya, Türkiyə və İran prezidentlərinin Tehran sammitində Türkiyəni küncə sıxışdırmaq siyasəti uğurlu alınmadı. Onun sözlərinə görə, sammitdə Vladimir Putin və Həsən Ruhaninin Rəcəb Tayyib Ərdoğanın İdlibdəki böhranla əlaqədar atəşkəs çağırışlarını nəzərə almamaları, Astana formatını fiaskoya uğradmağa doğru gedirdi: "Qeyd edim ki, Astana danışıqlarına əsasən İdlibdə atəşkəsə nəzarət mexanizminə Türkiyə nəzarət edir. 12 müşahidə postla və hərbi kontingentlə Ankaranın Suriyada əsas siyasi istinad nöqtəsidir. Suriyanın İdlib şəhəri müxalifətin və terrorçuların nəzarətində olan son məntəqədir . Rusiya və İran İdlibdə hərbi əməliyyat keçirərsə, bu şəhəri Bəşər Əsədin nəzarətinə verməklə, Suriyada strateji qələbə əldə etməyə planlaşdırırdı. Tehran konfransında Rusiya və İranın kəskin mövqeyinə qarşı Qərb ölkələri Türkiyəni İdlib məsələsində dəstəklədi. Bu da rəsmi Ankaranın manevr imkanlarını genişləndirdi". Politoloqun sözlərinə görə, əgər, Rusiya və İran İdlibə hücum edərsə, NATO raketlərlə təchiz olunmuş hərbi donanması ilə İdlib hücumuna adekvat cavab verərək, Dəməşqi və digər strateji nöqtələri, həmçinin İranın Suriyada bazalarını raket atışı ilə vuracaqdı: "Bundan əlavə, Türkiyə də öz hərbi kontingentini ilə İdlib ətrafına cəmləşdirməklə, Əsəd qüvvələrinə əks zərbə vuracaq. Göründüyü kimi, Türkiyə və Qərbin eyni mövqedə olması, İran və Rusiyanı İdlibdə hərbi əməliyyatlarından çəkindirdi. İran rəsmən bəyan etdiki İdlib əməliyyatında iştirak etməyəcək. Soçidə Ərdoğan və Putin danışıqlarında tərəflər ortaq məxrəcə gəldi. Xüsusi ilə Putin Ərdoğanın atəşkəs təklifini qəbul etdi. Ərdoğanın Soçidə Putin qarşısında mövqeyini gücləndirən əsas amil Qərbin bu məsələdə Türkiyəyə dəstək verməsi, NATO-nun raketlərlə təchiz olunmuş hərbi donanmasının mümkün zərbələrə hazırlaşmasıdır. Göründüyü kimi, Qərb Rusiyanın hərbi bazasının yerləşdiyi Tarsus və Latakiyə limanlarına raket zərbələri endirib. Birləşmiş Ştatların təlimatı ilə İsraildə F-16 təyyarələrlə Latakiya və Tarsusa hücumlar təşkil edib. Nəticədə Suriyanın hərbi və strateji obyektləri dağıdılıb. Bu hücumlar Rusiya və İranı mümkün İdlib hərbi əməliyyatlarından çəkindirən faktor kimi qiymətləndirilməlidir".
Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşü də uğurlu saymaq olar: "Qərb və Türkiyə müxalifətin son qalası olan İdlibi Əsədin nəzarətinə vermək istəmir. Rusiyada İdlibin sona qədər müxalifətin nəzarətində qalmasına təhəmmül etməyəcək. Demək, İdlib potensial müharibənin hər an alovlana biləcək mərkəzi kimi öz ciddiyətini qoruyacaq.
İdlibdə "mini dünya müharibəsinin" başlanması, Bəşər Əsədin fiziki məhv olması ilə nəticələnə bilərdi. Rusiya və İran real təhlükəni qiymətləndirməklə, bir növ Türkiyənin şərtlərini qəbul etmiş oldu. Hazırda Suriyada iştirak edən əks qüvvələrin bir-birlərinə qarşı hücumlar və əzələ nümayişi hər keçən gün təhlükəli hal alır. Rusiyanın hərbi nəqliyyat təyyarəsinin Soçi danışıqları ərəfəsində Latakiya üzərində yoxa çıxması, bir növ Putinə Qərbin mesajıdır. Soçi görüşü Suriyada heç də sülhə apara biləcək bir gedişat deyil. Türkiyə və Rusiyadan fərqli olaraq, Suriyada kənar oyunçular yeni müharibənin alovlanmasında maraqlıdır".
Süleyman