QHT silsilə tədbirləri Şamaxı Mədəniyyət Mərkəzində başa vurdu
17:13 Sosial
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Zirvə" mədəniyyət və incəsənət ictimai birliyi 01.05.2026-ci il və 15.08.2026-ci il tarixləri əhatə edən "Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi" layihəsini Şəki, İsmayıllı, Şamaxı rayonlarında həyata keçirdi. Şəki Şəhər 12 saylı Tam Orta Məktəbin böyük zalında, İsmayıllı Rayon, Uşaq və Ailələrə Dəstək Mərkəzinin iclas zalında və Şamaxı Şəhər Mədəniyyət Mərkəzində altı tədbirdən ibarət olan layihəyə, 140 nəfər benefisiar cəlb olunmuşdur.
Tədbirlərdə Azərbaycanın Dövlət Himni oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, "Zirvə" mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, "Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi" layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi heyətinə minnətdarlığını bildirdi. Təşkilatın sədri və layihənin koordinatoru layihə haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması, 2023-cü ildə aparılan antiterror əməliyyatı, ölkəmizdə, xüsusən işğaldan azad olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq işləri barədə, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarında mərhələlərlə yeni yaşayış bina və evlərdə məskunlaşdırılmasından ətraflı məlumat verdi. Sonra, ölkəmizin turizm potensialından söhbət açaraq, hər il vətənimizə təşrif buyuran çoxsaylı turistlərlə bölgələrimizdə təmasda olan yerli insanlarımızın turizm bilgilərininin artırılmasının vacibliyini xüsusi vurğulayaraq, bu istiqamətdə maarifləndirmə işinin təşkilində aidiyyatı dövlət, özəl və ictimai qurumların birgə fəaliyyət göstərmələri üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən ətraflı çıxış etdi.O, bildirdi ki, ölkəmizi, maddi-mədəni, tarixi mədəniyyət və incəsənət abidələrimizi dünyada tanıtmaq üçün, vətənimizə maraq göstərən əcnəbi turistlər arasında məqsədyönlü təbliğat işinin düzgün təşkili daha əhəmiyyətli olardı.Ekspertlər, tədbirlərdə iştirak edən rəsmi şəxslər çıxış üçün söz alaraq, turizm əhəmiyyətli, yüksək maddi-mədəni, tarixi abidələrlə zəngin olan bölgələrimizdə fəaliyyət göstərən rəsmi və özəl qurumlarla bərabər, yerli əhalinin də, turizm üzərindən maddi-mədəni abidələrimizin təşviqinə səfərbər edilməsinin vacibliyini xüsusi olaraq vurğuladılar. Eyni zamanda bildirdilər ki, "Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi" layihəsinin qarşıya qoyduğu hədəflər turizmlə bərabər,eyni zamanda vətənimiz, tariximiz, maddi-mədəni mədəniyyət və incəsənət abidələrimizin dünya mədəni irsinin ayrılmaz bir hissəsinə aid olduğunu dünyanın sivil insanlarının diqqətinə çatdırmaqdan ibarətdir. Xüsusi olaraq bildirildi ki, bu gün də Azərbaycan xalqı öz ulu babalarının mədəni irsinə sadiq qalaraq, mədəniyyət və incəsənətin bütün sahələrində xaruqələr yaradır. Bədii sənətin dili kəskin, ömrü uzun olur, deyilənlər unudulur, yaradılanlar, yazılanlar xalqın mənəvi, mədəni tarixinə əbədi olaraq həkk olunur.Düşmən işğal altında uzun illər saxladığı, qarət etdiyi torpaqlarımızı ona görə özününküləşdirə bilmədi ki, ulularımız, ata-babalarımız Vətən torpağının hər qarışını mədəniyyət məbədinə çevirmişlər. Bu səbəbdən əsrlərdir hər dövrün düşmənindən xalqımızı, dövlətimizi qoruyan maddi-mədəni, tarixi abidələrimiz bundan sonra da öz missiyasını davam etdirəcək, yetər ki, mədəni irsimizə bundan sonra da, xüsusi qayğıyla yanaşaq deyə vurğuladılar.
Tədbirlərdə hədəf qruplarının turizm üzərindən maddi-mədəni irsimiz mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar, dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması, diqqətdən kənarda qalan tarixi, maddi-mədəni irsimizi əhatə edən kataloqların, kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlardan sonra, yerli incəsənət xadimlərinin ifasında aşıq və lirik nəğmələr tədbir iştirakçılarının zövqünü oxşadı. Benefisiarları narahat edən bütün suallara aydınlıq gətirildi.
Yerlərdə rəsmi şəxslər, ziyalılar gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür tədbirlərin yerli əhali arasında mütəmadi təşkilinin əhəmiyyətinə toxunaraq, belə maarifləndirici tədbirlərin onların maddi-mədəni, tarixi irsimizin qorunmasına, təbliğinə səfərbər olunmalarına təkan olacağına əmin olduqlarını bildirdirdilər.
Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 30 000 nəfərdən çox yerli əhali bu layihədən xəbərdar olmuş, diqqətdən kənar qalan, yeni aşkarlanan maddi-mədəni irsimizlə tanış olmuş, dolayı yolla maariflənmişlər.
Dəftərxana ləvazimatları, papkalar paylanmış tədbirlər, çay, şirniyyat süfrəsilə yekunlaşdı.