Məkkə İttifaqına Azərbaycan da qoşula bilər?
13:56 SiyasətSazişi İsrailə yaxud İrana qarşı da hesab etmək olar?
Avqustun 7-də Məkkə şəhərində Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Kollektiv Müdafiə haqqında "Məkkə sazişi" son dövrlərin yalnız regional deyil, bütövlükdə qlobal geosiyasi baxımdan ən mühüm siyasi hadisələrindən biri hesab oluna bilər. Bu saziş təkcə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına deyil, perspektivdə beynəlxalq güc balansına da ciddi təsir göstərə biləcək potensiala malikdir.
Sazişin ABŞ-la İsrailin İran qarşıdurmasının və Körfəz regionunda davam edən hərbi-siyasi gərginliyin fonunda imzalanması İranın region dövlətlərinə qarşı çəkindirici və balanslaşdırıcı qüvvə kimi meydana çıxdığını təsdiqləyir. Ancaq sənədin strateji mahiyyəti daha genişdir və "Məkkə sazişi" gələcəkdə qlobal miqyasda yeni siyasi və hərbi platformanın əsasına çevrilə bilər. Hansı ki, sazişi imzalayan dövlətlərin strateji imkanları bir-birini tamamlayır. Pakistanın Hindistanla uzunmüddətli qarşıdurmasından əldə etdiyi böyük döyüş təcrübəsi və nüvə potensialı, Türkiyənin son illərdə müdafiə sənayesi, pilotsuz uçuş aparatları, raket texnologiyaları və yüksək texnoloji hərbi sistemlər sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi və nəhayət, Səudiyyə Ərəbistanının nəhəng maliyyə resursları, yəni bu üç komponentin vəhdəti gələcəkdə bu sazişin tamhüquqlu hərbi blok səviyyəsinə yüksəlməsi ehtimalını artırır.
Regionda təhlükəsizlik mühitinin ciddi şəkildə dəyişdiyi bir dövrdə İranın Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi raket hücumları və bunun ardınca Pakistan tərəfindən Tehrana ünvanlanan xəbərdarlıqlar bu sazişin hansı təhlükəsizlik zərurətindən doğduğunu göstərən əsas siyasi amillərdən biridir. Buna görə də sənədin ilk növbədə İran və onun regional müttəfiqlərinə qarşı formalaşdırılmış çəkindirici təhlükəsizlik mexanizmi kimi qiymətləndirilməsi mümkündür.
"Məkkə sazişi" indiki formatı ilə məhdudlaşmayacaq və gələcəkdə genişlənərək, tədricən bu platformaya yeni iştirakçıların qoşulması ilə daha geniş təhlükəsizlik sisteminə çevrilməsi istisna edilmir.
Məlumdur ki, Türkiyə və Azərbaycan xarici siyasətini Şuşa Bəyannaməsinə əsasən strateji koordinasiya şəraitində həyata keçirir. Azərbaycan və Pakistan münasibətləri isə faktiki müttəfiqlik səviyyəsindədir. Məhz buna görə də mən Məkkədə imzalanmış bu saziş bir başa Azərbaycanın da milli təhlükəsizlik maraqlarına xidmət edən siyasi-hərbi platformadır. Azərbaycan həkə ki, bu sazişin rəsmi iştirakçısı olmasa da, onun geosiyasi nəticələri Azərbaycanın strateji maraqları ilə üst-üstə düşür.
Yeri gəlmişkən, sazişin İsrail əlehinə razılaşma kimi də təqdim edilməsi də yanlışdır. ABŞ Pakistan, Azərbaycanın Türkiyə və İsrail münasibətləri İsrailə qarşı yönələ bilməz. Ancaq birliyin İsrailə qarşı dözümlülük siyasəti də proseslərdən asılı olaraq dəyişə bilər.
Son günlər Azərbaycan-İran münasibətlərində müəyyən diplomatik yaxınlaşma müşahidə olunur. Ancaq bu, daha çox taktiki xarakter daşıyır. Reallıqda isə iki ölkə arasında strateji ziddiyyətlər qalmaqda davam edir və İran tərəfindən Azərbaycana qarşı müxtəlif formalarda təhdid xarakterli bəyanatlar səsləndirilməsi bunun açıq göstəricisidir.
Digər vacib məqam isə ondan ibarətdir ki, yeni hərbi-siyasi platformanın meydana çıxması alternativ güc mərkəzlərinin formalaşmasını da sürətləndirə bilər. İranın da gələcəkdə Pakistanla oxşar təhlükəsizlik formatı yaratmaq cəhdləri də mümkündür.
Rusiya, İran və Hindistan arasında klassik hərbi ittifaqın formalaşması real görünmür. Onların geosiyasi maraqları və strateji prioritetləri belə bir uzunmüddətli blokun yaranmasını çətinləşdirən əsas amillərdir.
Ümumilikdə, Məkkədə imzalanmış Kollektiv Müdafiə haqqında Saziş perspektivdə tamhüquqlu hərbi blok statusu qazana biləcək siyasi-hərbi platformadır. Belə bir ssenaridə Azərbaycanın, hətta Ukraynanın da müxtəlif formatlarda bu platforma ilə əməkdaşlıq etməsi və ya onun təhlükəsizlik sisteminin bir hissəsinə çevrilməsi mümkün perspektivlərdəndir. Yəni, prosesdə "Məkkə sazişi" təkcə Yaxın Şərqdə deyil, hətta qlobal miqyasda hərbi-siyasi güc mərkəzinin formalaşmasının əsasını qoya bilər.
Vüqar Dadaşov
Hüquqşünas