Mədəniyyət keçmişin təcrübəsini gələcəyə daşıyır- ÖZƏL
15:51 SosialMədəniyyət və Məsuliyyət
"Mədəniyyət uzun tarixi inkişafın nəticəsidir. Onun başlanğıcında insanın təbiətlə münasibəti, qazandığı təcrübə və həmin təcrübəni qoruyaraq sonrakı nəslə ötürmək qabiliyyəti dayanır. İnsan yaşadığı mühiti dəyişdikcə öz həyat tərzini də dəyişdi. Əmək münasibətləri yeni ictimai əlaqələr yaratdı, bu əlaqələr qaydalara, qaydalar isə zamanla institutlara çevrildi. Dil düşüncəni genişləndirdi, yazı yaddaşı əsrlərin sərhədindən keçirdi, təhsil toplanmış biliyi nəsildən-nəslə daşıdı. Bu inkişaf insanla mədəniyyət arasında qarşılıqlı əlaqə yaratdı. İnsan mədəniyyəti formalaşdırdı, yaratdığı mədəniyyət də zaman keçdikcə insanın düşüncəsinə, davranışına və həyat tərzinə təsir göstərdi. Hər yeni nəsil əvvəlkilərin dilini, biliyini, təcrübəsini və yaddaşını qəbul edir, üzərinə öz payını əlavə edərək gələcəyə ötürür. Heç bir nəsil dünyaya sıfırdan başlamaq məcburiyyətində qalmır" "Olaylar" xəbər veriri ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib:
"Yazının yaranması ilə insan düşüncəsi zaman qarşısında yeni imkan qazandı. Bir dövrdə yaranmış fikir əsrlər sonra başqa bir nəslin düşüncəsinə təsir göstərə bildi. Yazı ölənlərin dirilərlə danışmaq üsuluna çevrildi. Heydər Əliyevin "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir" fikri mədəniyyətin xalqın taleyindəki yerini dəqiq ifadə edir. Dil, elm, təhsil, tarixi yaddaş və mənəvi dəyərlər bir nəslin o biri nəslə verdiyi ən böyük mirasdır. Bu mirasın gələcəyə necə çatdırılması ayrıca məsuliyyət tələb edir.
Mədəniyyət keçmişin təcrübəsini gələcəyə daşıyır. Müdriklik isə həmin təcrübədən nəyi qorumağın, nəyi dəyişməyin, nəyi geridə qoymağın lazım olduğunu müəyyənləşdirir. Hər nəsil özündən sonrakılara bilik və dəyərlərlə yanaşı, müəyyən problemlər də ötürür. Yetkinliyin əsas göstəricilərindən biri bu yükü olduğu kimi davam etdirmək əvəzinə ondan nəticə çıxarmaqdır. İnsan öz imkanlarını dərk etdikcə əməllərinin nəticəsini də düşünməli, edə biləcəyi ilə etməli olduğu arasında seçim aparmağı bacarmalıdır. Məsuliyyət məhz bu seçimdə özünü göstərir
Dünyanı yaxşılığa doğru dəyişmək iradəsi və bu yolda öz əməllərinə sərhəd qoya bilmək mədəniyyətin ən yüksək ölçüsüdür".