Vaşinqton Zirvəsi: Cənubi Qafqazda yeni siyasi reallıq

2025-ci il avqustun 8-i Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Vaşinqtonda Azərbaycan Prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və əldə olunmuş razılaşmalar regionda uzun illər davam edən qarşıdurmadan sülh və əməkdaşlığa keçidin siyasi əsaslarını formalaşdırdı.

Qeyd etmək lazımdır ki, həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətni paraflanmış, Azərbaycan, ABŞ və Ermənistan liderləri isə Birgə Bəyannamə imzalamışlar. Hüquqi baxımdan bu fərq mühüm əhəmiyyət daşısa da, siyasi baxımdan Vaşinqton görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində prinsipial mərhələnin başa çatdığını nümayiş etdirdi.

Bu hadisəyə yalnız diplomatik görüşün nəticəsi kimi yanaşmaq düzgün olmazdı. Vaşinqtonda əldə olunan nəticə Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Bu prosesdə Prezident İlham Əliyevin siyasi iradəsi, strateji uzaqgörənliyi və diplomatik məharəti həlledici rol oynayıb.

Azərbaycan Prezidenti bütün danışıqlar prosesində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və milli maraqları ilə bağlı prinsipial mövqedən çıxış etdi. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın öz suverenliyini tam bərpa etməsi Cənubi Qafqazın geosiyasi reallıqlarını kökündən dəyişdi. Lakin Azərbaycan bu hərbi-siyasi uğurları yeni qarşıdurmanın deyil, davamlı sülhün və regional əməkdaşlığın təməli kimi təqdim etdi.

Məhz burada Prezident İlham Əliyevin siyasi strategiyasının əsas xüsusiyyəti özünü göstərir: hərbi Zəfəri diplomatik Zəfərə, diplomatik üstünlüyü isə regional sülh gündəliyinə çevirmək.

Vaşinqtonda əldə olunmuş razılaşmaların ən mühüm nəticələrindən biri də Azərbaycan-Ermənistan münasibətlərinin artıq keçmiş münaqişənin məntiqindən çıxarılaraq iki suveren dövlət arasında münasibətlərin qurulması müstəvisinə keçirilməsidir. Sənədlərdə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, beynəlxalq sərhədlərin toxunulmazlığı və gələcəyə yönəlmiş münasibətlərin qurulması prinsipləri ön plana çəkilir.

Bu baxımdan Vaşinqton görüşü təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Regionun siyasi gündəmi artıq münaqişə və qarşıdurma ilə deyil, sülh, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq perspektivləri ilə müəyyənləşə bilər.

Nəqliyyat kommunikasiyalarının açılması xüsusilə strateji əhəmiyyət kəsb edir. Azərbaycanla Naxçıvan arasında bağlantının təmin edilməsi ölkəmizin mühüm milli maraqlarından olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına, Türk dünyası arasında əlaqələrin güclənməsinə və Azərbaycanın tranzit-logistika imkanlarının genişlənməsinə yeni impuls verə bilər. Eyni zamanda, regional kommunikasiyaların açılması Ermənistan üçün də yeni iqtisadi imkanlar yarada bilər.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından da mühüm nəticələrlə yadda qaldı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması və "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin Azərbaycana münasibətdə tətbiqinin dayandırılması ilə bağlı qərar iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi baxımından əhəmiyyətlidir.

Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin göstəricisidir. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional sabitlik baxımından daha geniş coğrafiyanın mühüm aktorlarından biridir.

Vaşinqtonda əldə edilmiş nəticənin əsas siyasi mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş güclü dövlət kimi sülh prosesinə daxil oldu. Bu, sülhün zəiflikdən deyil, gücdən doğan siyasi seçim olduğunu nümayiş etdirir 

Əminə Ağazadə

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31