Zəngəzur dəhlizi nə vaxt açılacaq? – Siyasi şərhçidən tarixlə bağlı PROQNOZ – ÖZƏL
16:45 SiyasətABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Ağ Evdə imzalanmış tarixi Birgə Bəyannamənin birinci ildönümü münasibətilə videomüraciət yayımlayıb. Diplomat bildirib ki, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi ötən bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib. E.Karlon vurğulayıb ki, Zəngəzur dəhlizi üzrə maneəsiz keçid detallarını özündə əks etdirən bu layihə Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək, Şərq-Qərb inteqrasiyasını gücləndirəcək və bütün regiona böyük iqtisadi səmərə verəcək.
"Bu, əlbəttə ki, bəyanatın ən mühüm tərəflərindən biridir. Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Çünki bu, strateji əhəmiyyətə malik bir nəqliyyat xəttidir. Məsələyə yalnız regional aspektdən yanaşmaq düzgün olmaz. Zəngəzur dəhlizi beynəlxalq miqyasda xüsusi əhəmiyyət daşıyan layihədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ rəhbərliyi də yaxşı anlayır ki, bu dəhliz Asiyadan Avropaya uzanan ticarət yollarında əsas körpü rolunu oynaya biləcək mühüm strateji məntəqədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev vaxtında atdığı uzaqgörən addımlarla Zəngəzur dəhlizinin əhəmiyyətini beynəlxalq ictimaiyyətə izah etdi və nəticədə hər kəs gördü ki, bu layihə həqiqətən də böyük strateji əhəmiyyətə malikdir. Bu dəhliz dünya ticarət marşrutlarının dəyişməsinə təsir göstərə biləcək gücdə mühüm tranzit xəttidir. Buna görə də ABŞ-nin bu məsələyə xüsusi diqqət yetirməsi, ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlonun Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarında bu mövzuya xüsusi vurğu etməsi onu göstərir ki, həm Azərbaycan, həm də ABŞ bu layihənin reallaşmasına böyük əhəmiyyət verir. Dəhlizin açılması ABŞ üçün də vacib məsələlərdən biridir. Bu səbəbdən qarşıdakı dövrdə, xüsusilə növbəti il ərzində bu istiqamətdə fəal işlərin aparılacağını gözləmək olar.
"Hazırda məlum olan məlumatlara görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı əsasən texniki məsələlər qalıb. Bu məsələlər həll edildikdən sonra dəhlizin fəaliyyətə başlaması üçün ciddi maneələrin qalmayacağı ehtimal olunur. Həmçinin layihənin həyata keçirilməsinin müəyyən qədər ləngiməsinə səbəb olan amillərdən biri də Ermənistanda keçirilən parlament seçkiləri idi. Ermənistan mühüm siyasi mərhələdən keçirdi və həmin seçkilərin nəticələri prosesə təsir göstərə biləcək amillərdən hesab olunurdu. Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması isə dəhlizin açılması perspektivləri ilə bağlı qeyri-müəyyənlikləri əhəmiyyətli dərəcədə azaltdı. Bu baxımdan, gec-tez Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi gözlənilir. Ehtimal etmək olar ki, 2027-ci ildə və ya 2026-cı ilin sonlarına doğru layihə üzrə işlər yekunlaşsın və dəhliz fəaliyyətə başlasın", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova