"Rusiya ilə əlaqələrin kəsilməsi İrəvan üçün ciddi sosial və iqtisadi risklər yaradır" – ŞƏRH – ÖZƏL
15:53 DünyaRusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ermənistan Rusiyaya qarşı alət kimi əhəmiyyətini itirəcəyi təqdirdə Qərb ona verdiyi vədlərdən imtina edəcək. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Ermənistan və vətəndaşlarının rifahında maraqlı deyil. Medvedev həmçinin qeyd edib ki, İrəvanın Qərbə inteqrasiyasının davam etməsi və Rusiya ilə iqtisadi əlaqələrin zəifləməsi ölkədə ciddi daxili böhrana səbəb ola bilər.
Medvedevin bu açıqlaması Rusiya-Ermənistan münasibətlərində hansı mesajı verir? Moskva niyə Ermənistanın Qərbə yaxınlaşmasından narahatdır? Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinin zəifləməsi hansı nəticələr doğura bilər?
"Dmitri Medvedevin Ermənistanla bağlı son açıqlamasına ilk növbədə Rusiya-Ermənistan münasibətlərində yaranmış dərin geosiyasi ziddiyyətlərin ifadəsi kimi baxmaq lazımdır. Moskva açıq şəkildə İrəvana mesaj verir ki, Ermənistanın Qərbə doğru sürətli siyasi, hərbi və iqtisadi inteqrasiyası Rusiyanın Cənubi Qafqazdakı maraqlarına birbaşa toxunur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, burada əsas məsələ Ermənistanın hansı ölkə ilə əməkdaşlıq etməsi deyil. Əsas məsələ regionda geosiyasi balansın dəyişməsidir. Rusiya uzun illər Ermənistanı özünün Cənubi Qafqazdakı əsas müttəfiqlərindən biri hesab edib. Ermənistan isə son illərdə təhlükəsizlik və xarici siyasət prioritetlərini dəyişməyə başlayıb. ABŞ-la strateji tərəfdaşlıq sənədinin imzalanması, TRIPP layihəsi çərçivəsində Vaşinqtonla əməkdaşlığın genişlənməsi və Avropa İttifaqına inteqrasiya istiqamətində atılan addımlar Moskvanın narahatlığını daha da artırır.
Ekspert qeyd edib ki, Medvedevin "Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi görür" tezisi məhz bu narahatlığın siyasi ifadəsidir. Moskva hesab edir ki, Ermənistanın Qərbə yaxınlaşması yalnız diplomatik münasibətlərin genişlənməsi deyil, həm də Rusiyanın regiondakı hərbi-siyasi və iqtisadi mövqelərinin zəifləməsi deməkdir. Məsələnin digər tərəfi isə iqtisadiyyatdır. Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri birdən-birə kəsilərsə, bunun İrəvan üçün ciddi nəticələri ola bilər. Rusiya Ermənistan iqtisadiyyatının mühüm ticarət, enerji, investisiya və əmək miqrasiyası istiqamətlərindən biridir. Ona görə də Moskva iqtisadi əlaqələrin zəifləməsinin Ermənistanda sosial və siyasi təzyiqləri artıra biləcəyini vurğulayır. Amma burada bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın Qərbə inteqrasiyası artıq yalnız siyasi bəyanatlar səviyyəsində deyil. ABŞ və Ermənistan arasında imzalanmış sənədlər iqtisadi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. TRIPP layihəsi də bunun konkret nümunəsidir.
Deməli, Moskva qarşısında yeni reallıq yaranıb: Ermənistan əvvəlki kimi yalnız Rusiya orbitində olan ölkə deyil və Qərblə münasibətlərini institusional əsasda genişləndirir.
"Hesab edirəm ki, Medvedevin bəyanatının ən mühüm mesajı budur: Rusiya Ermənistanın Qərbə inteqrasiyasını artıq strateji problem kimi qəbul edir və bunun nəticələrinə qarşı siyasi və iqtisadi təsir mexanizmlərindən istifadə edə biləcəyini nümayiş etdirir. Bununla yanaşı, Ermənistan üçün də ciddi seçim qarşısında qalmaq təhlükəsi yaranır. Çünki Rusiya ilə əlaqələrin sürətlə zəiflədilməsi, Qərbdən gələn imkanların isə həmin boşluğu qısa müddətdə tam doldurmaması iqtisadi və sosial risklər yarada bilər. Lakin bütün bunların fonunda ən mühüm məsələ Cənubi Qafqazda yeni geosiyasi qarşıdurma xəttinin yaranmamasıdır. Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsi, regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişlənməsi region dövlətlərinin hamısının marağındadır. Bu baxımdan Ermənistan üçün ən optimal yol hansısa güc mərkəzinin digərinə qarşı alətinə çevrilmək yox, öz milli maraqlarını əsas götürən balanslaşdırılmış siyasət yürütməkdir. Cənubi Qafqaz yeni qarşıdurma meydanına deyil, əməkdaşlıq məkanına çevrilməlidir. Məhz Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq yanaşmasının əhəmiyyəti də burada ortaya çıxır. Regionda heç bir dövlət digərinin hesabına deyil, bütün tərəflərin iştirakı ilə təhlükəsizlik və iqtisadi inkişaf mühiti formalaşdırmalıdır", - deyə B.Quliyev əlavə edib.
Səidə Ramazanova