Avropa İranın nüvə fəaliyyətinə başlamasından narahatdır
6 İyul 2018 15:23 DünyaOna görə də İranın indiki siyasəti ilə Avropanın əməkdaşlığı mümkün görünmür
Azərbaycan 26 iyun hərbi paradından sonra bu sahədə daha bir əzələ nümayiş etdirdi desək yanılmarıq. Söhbət iyul ayının 2-dən 6-dək Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlərdən gedir. Artıq hərbi təlimlər başa çatıb və onun nəticələri müsbət qiymətləndirilib.
Ölkəmizin bir-birinin ardınca öz hərbi gücü, qüdrətini nümayiş etdirməsi təbii ki, işğalçı Ermənistan tərəfindən də diqqətlə izlənilib. Hətta Azərbaycanın bu addımının İrəvanda ciddi təşviş yaratdığını da deyə bilərik. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın keçirdiyi genişmiqyaslı hərbi təlimlərlə bağlı fikirlərini bölüşüb. O, hazırda Yaxın Şərq regionunda cərəyan edən proseslər, eləcə də son vaxtlar daha da inkişaf etməkdə olan Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə də toxunub.
-Məhəmməd bəy, Azərbaycanın iyunun 26-da keçirdiyi hərbi parad, bunun ardınca genişmiqyaslı hərbi təlimlər keçirməsini necə dəyərləndirirsiniz?
-Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüccələri iyulun 2-dən 6-a kimi geniş miqyasda hərbi təlimlər keçirdi. 20 minlik şəxsi heyətin iştirakı etdiyi hərbi təlimlər ərazilərin işğaldan azad olunmasına hesablanan təlimlər idi. Bu hərbi təlimlər Cənubi Qafqaz regionunda şəxsi heyətin və zirehli texnikanın iştirakı ilə keçirilən ən böyük təlimlərdi.
-İşğalçı Ermənistan bu təlimlərdən nə dərəcədə narahatdır?
-Heç şübhəsiz ki, Ermənistan bu təlimlərindən çox natahatdır. Eyni zamanda Rusiyada da bu narahatçılıq hiss olunur. Rusiya ona görə narahatdır ki, şimal qonşumuz Azərbaycanın, güclü orduya sahib olmasını istəmir. Təsadüfi deyir ki, Rusiyanın Azərbaycanda formalaşmış "5-ci kolon"u da ölkəmizin hərbi təlimlərindən bərk narahatdır. Belə ki, ölkədə keçirilən hərbi parad, bunun ardınca hərbi təlimlər daxildə Rusiyaya bağlı 5-ci kolonda qəzəb doğurub. Unutmayaq ki, Rusiyanın ölkəmizdə köklü dayaqları var. Tarix boyu ölkəmizin müstəqilliyinə və ərazilərimizin işğalında bu qüvvələr xüsusi rol oynayıb.
-Sizcə, Azərbaycanın Qərblə münasibətlərinin inkişafı da müəyyən qısqanclıq yaradırmı?
-Təbii ki, Cənubi Qaz Dəhlizinin və onun əsas seqmenti olan TANAP-ın işə düşməsi, Qərblə enerji sahəsində uğurlu əməkdaşlıq şimal qonşumuzu narahat etməyə bilməzdi. Əgər, uzaq İtaliya parlamentində Rusiya TANAP və onun Avropa hissəsi olan TAzP qarşı etiraz təşkil edə bilirsə, siyasi təxribatlara oradakı partiyaları sövq edə bilirsə, Bakıda Kremlin bunu etməsi iki vur ikidir.
-Sizcə, Ermənistanı ciddi təşvişə salan bu kimi təlimlər müntəzəm keçirilməlidirmi?
-Hazırda Ermənistanla müharibə şəraitindəyik. Ermənistan üzərində hərbi-psixoloji üstünlüyümüz, Naxçıvanda uğurlu Günnüt hərbi əməliyyatı və işğalçı ölkəyə davam edən təzyiqlər görünür bəzilərini narahat edir. Azərbaycan xalqı daima dövlətçiliyini dəstəkləyib və istənilən situasiyada birlik nümayiş etdirib. Fürsətçilər və daxili problemlərə yol açanlar var və bundan sonra da olacaq.
-Bu arada Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətləri necə xarakterizə edərdiniz?
-Birləşmiş Ştatlarla Azərbaycan enerji və beynəlxalq terrorizmə qarşı mübarizədə strateji tərəfdaşdılar. Bundan əlavə, səfir təyinatının gecikməsində, hətta namizəd belə müəyyənləşdirilməməısində erməni lobbisi xüsusi rol oynayır. Erməni lobbisi daima Vaşinqtonun ölkəmizə səfir təyinatına mane olub. İndi də bu ssenari davam etməkdədir. Rəsmi Bakı erməni lobbisinin neytrallaşdırılmaqla və daxildə bir sıra islahatlara getməklə Vaşinqtonla əməkdaşlığı dərinləşdirə bilər. Hazırda Vaşinqtonda prezident seçkilərindən sonra, rəsmi Bakının islahatlara gedib-getməmyini gözləyirlər. Əgər, bu islahatlar reallaşsa, səfir təyinatı tezliklə baş tuta bilər. Erməni lobbisinin fəliyyətinin qarşısını ala bilərik. Amma burada rəsmi Bakının Vaşinqtonla diplomatik təmaslarından da çox məsələlər asılıdır. Birbaşa Ağ Ev və Pentaqonla təmasları sıxlaşdırıb, ölkəmizlə yeni əməkdaşlığın başlaması üçün işlərə başlanılmalıdır. Birləşmiş Ştatlar prezidenti Donald Trampın məlum məktublarından sonra, biz təşəbbüsü göstərib islahatlara başlamalıyıq. Bu məktublarla Vaşinqton Bakıya öz pozitiv mesajlarını vermiş oldu.
-Ümumiyyətlə, Birləşmiş Ştatların ölkəmizə geçikən səfir təyinatı sizcə nəylə bağlıdır?
-Birləşmiş Ştatların Azərbayacanda səfir yerini boş saxlaması, əsasən Dövlət Departamentinin və Konqresin Azərbaycana qarşı siyasi təzyiq siyasətindən irəli gəlir. Konqres və Dövlət Departamenti daima ölkəmizə qarşı bu məsələr üzrə sərt mövqe tutub. Buna görə Azərbaycanla ABŞ arasında soyuq küləklərin əsməsinə səbəb olur.
-Bu arada Yaxın Şəqdə cərəyan edən prosesləri necə dəyərləndirirsiniz? Xüsusilə, İranın neft ixracına maneənin tətbiq ediləcəyi bildirilir
-İran bəyan edib ki, neft ixracına mane olunarsa, Hörmüz boğazını bağlayacaq. Qeyd edim ki, Fars körfəzindən okena Hörmüz boğazı vasitəsilə dünyanın 20 faiz nefti dünya bazarına çıxarılır. Rəsmi Tehranın bu bəyanatı, ciddi əhəmiyyət kəsb edir və bu dünya da enerji böhranına yol aça bilər. İran prezidenti Həsən Ruhanı yaşanan problemlər fonunda Avropaya səfər edib. Onun səfərinin məqsədi Avropa dövlətləri ilə iqtisadi əlaqələri qoruyub saxlamaq və ABŞ-ın sanksiyalarını neytrallaşdırmaqdır. Tehranın Nüvə fəaliyyətini bərpa etməsi və Hörmüz boğazanı bağlamaqla bağlı bəyanatı, Ruhaninin Avropaya səfəri ilə üst-üstə düşmür. Ruhani bu səfərlə, həm də daxildə özünə qarşı müxalifliyi neytrallaşdırmağa çalışır. Amma, bu səfərin uğursuz olacağı, mühafizəkarların Ruhaniyə qarşı daha da hücuma keçəcəyini sürətləndirəcək.
-Hazırda Avropanı İranla bağlı narahat edən başlıca amil nədir?
-Avropa ilk növbədə İranın nüvə fəliyyətinə başlamasından narahatdır, həmçinin qitənin neftə tələbatı Hörmüz boğazından keçir. Ona görə də İranın indiki siyasəti ilə Avropanın əməkdaşlığı mümükün görünmür. Bundan əlavə, Birləşmiş Ştatlara məxsus tankerlər də intensiv şəkildə buradan neft daşıyır. Əgər, İran bu keçidi bağlayarsa, Səudiyyə Ərəbistanı və ABŞ-ın hərbi müdaxilə ilə üzləşə bilər. Həmçinin İsrailın də İrana hücumu reallaşa bilər.
Göründüyü kimi, İran ətrafında həlqə daralmaqdadır. İran rejimi heç də öz ambissiyalarından geri çəkilmək fikrində deyil. Təbii ki, mötədil siyasətçi Ruhani Qərblə anlaşıb, Yaxın Şərqdə əməliyyatlarda İranın rolunu azaldıb, nüvə zənginləşməsinə son qoya bilər. Amma, o, daxildə güclü mühafizəkarların təzyiqi ilə üzləşə biləcəyindən çəkinir. Birləşmiş Ştatlar İrana qarşı mümkün vasitələrdən istifadə edib, rejimi zəiflətmək istiqamətində siyasətindən geri çəkilməyəcək. Burada, təbii ki, həssas məsələ Hörmüz boğazıdı. Tehran buna gedərsə, müharibə başlaya bilər.
Süleyman