Ermənistanda inqilab bitməyib

Rusiya ilə Qərb, Avropa. Onun hərbi bloku sayılan NATO arasında ziddiyyətlər getdikcə daha qabarıq şəkil alır. Hərbi Alyansın Birləşmiş Ştatların dəstəyi ilə tədricən Rusiya sərhədlərinə doğru irəliləməsi Moskvanı da adekvat addımlar atmaq məcburiyyətində qoyur. Hazırda NATO ilə Rusiya arasında mövqe savaşı gedir desək yanılmarıq. Bəs görəsən cərəyan edən proseslər, NATO-Rusiya gərginliyi hansı məcrada inkişaf edəcək. Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadəyə müraciət etdik.

-Məhəmməd bəy, NATO-Rusiya gərginliyi sizcə hansı məcrada inkişaf edəcək və yaxın perspektivdə biz hansı hadisələrin şahidi ola bilərik?

-NATO- Rusiya siyasi toqquşması yeni mərhələyə qədəm qoyur. Buna səbəb NATO-nun 18 minlik şəxsi heyət və zirehli texnikasının müşayəti ilə Rusiya sərhəddinə yaxın Litva və Polşada "Qılınc zərbəsi" kod adlı hərbi təlimlərə start verməsidir.. Bundan əlavə, Alyans Rusiya təcavüzünə qarşı 30 minlik çevik ordu yaratmağı planlaşdırmaqla, faktiki Rusiyaya qarşı mümkün hərbi hərəkətliliyə başladı.

Göründüyü kimi Şərqi Avropada Rusiyanın artan aqresssiyasına qarşı Birləşmiş Ştatlar başda olmaqla, NATO-nun tədbirlər planı bu gün Avropanın təhlükəsizliyini təmin etsə də, bu faktiki soyuq müharibənin işartısıdır və Polşa, Baltikayanı ölkələrə Rusiyanın düşmən mövqe tutmasına gətirib çıxartmaqdadır.

-Bəs NATO hərəkətliliyinə qarşı Rusiya hansı adekvat addımlar atır?

-Belarus, Ukraynanın şərqində Rusiya silahlı qüvvələri hazır vəziyyətə gətirilib və mümükün ssenarilərə qarşı müdafiə və hücum planlarına malikdir. Kremlin planına əsasən Baltikyanı ölkələri nəzarətə götürmək, Polşaya Belarus tərəfindən sarsıdıcı zərbələr endirmək, Ukraynanın işğalını davam etdirməkdir. Həmçinin  NATO-nun qüvvələrinə sarsıdıcı zərbə endirməkdi. Hazırda Rusiyanın silahlı qüvvələrinin böyük qismi Şərqi Avropa sərhədlərində yerləşdirilib. NATO və Rusiya burada cəbhə formalaşdırmaqla bir-birilərinə əzələ nümayiş etdirirlər.

-Sizcə NATO-nun əsas missiyası nədir?

-NATO-nun əsas missiyası Polşa və Baltikyanı ölkələri Rusiyanın mümkün Ukrayna və Gürcüstandakı kimi işğal ssenarilərindən qorumaq, Şərqi Avropanın təhlükəsizliyini təmin etməkdir. Rusiya isə ABŞ-ın apardığı siyasətə qarşı Polşa və Latviyanın bir hissəsini işğal etmək potensialını özündə saxlayır. Ona görə də Birləşmiş Ştatlar və NATO durmadan öz silahalı birliklərini bu istiqamətdə yerləşdirir. Demək olar ki, iki qüvvə arasında əsəb müharibəsi davam edir. Bu arada yenidən ABŞ və Rusiya baş qərargah rəislərinin Bakı görüşü gözlənilir. Tərəflərin apardığı əzələ nümayişi və psixoloji müharibə bu gün region üçün ciddi təhdidedici faktordu.

-Bəs bu gərginlik nəyə yol aça bilər?

Qeyd edim ki, əgər Rusiya öz aqressiyasından əl çəkməsə, NATO-nun çevik qüvvələri tədricən Ukraynada yerləşdiriləcək. Məhz, Alyansın nəzərdə tutduğu 30 minlik çevik qüvvə Ukraynanı yaxın perspektivdə Rusiyanın işğalından qorumaqdı. Putin Rusiyası növbəti illərdə NATO və ABŞ -la soyuq müharibəni davam etdirməkdə israrlı görünür. İrana qarşı sanksiyalar, Ukrayna böhranı və Suriya münaqişəsi ABŞ-Rusiya qarşıdurmasını dərinləşdirir.

-Bu arada Rusiyanın forpostu sayılan  Ermənistanda da vəziyyət gərgin olaraq qalır. Artıq yeni hökumət rəhbəri Paşinyana qarşı etiraz baş qaldırıb və hətta bu etirazlar işğal altında olan Dağlıq Qarabağa da çatıb. Bütün bunları necə dəyərləndirirsiniz?

-Qarbağda Ermənistanın yaratdığı qondarma rejimə qarşı etirazların davam etməsi gözlənilir. Bu etirazlar, Paşinyan tərəfindən idarə olunmaqla hazırkı separtçıların, Serj Sərkisyan klanının üzvü Bako Saakyanın idarəçilikdən uzaqlaşdırılmasına hesablanıb. Bako Saakyan Paşinyanın formalaşdırdığı yeni idarə sistemi üçün arzuolunmayan şəxsdi və istənilən vaxt Paşinyana qarşı siyasi mübarizədə güc olaraq ortaya çıxa bilər.

Qarabağdakı ermənilərin etirazı ondan ibarətdir ki, yerli Sərkisyan klanından canlarını qurtarıb, özləri üçün Paşinyanın siyasi idarə sisteminin tətbiqini arzu edirlər. Ermənistanda baş verənlər birbaşa Xankəndinə də özünü göstərməlidir.

-Bəs bu proseslər Azərbaycan üçün nə dərəcədə önəmli sayıla bilər?

Ümumiyyətlə, Xankəndində kimlərin yerli idarəçilikdə təmsil olunmasına baxmayaraq, bu Azərbaycan üçün önəmli deyil. Çünki, buradakılar Yerevanın qanunsuz təsis etdiyi qondarma qurumdur. Əsas tərəf və işğalçı ölkə Ermənistan olaraq, birbaşa danışıqlara və ərazilərin boşaldılmasına məhkumdur. Sadəcə, Paşinyan çalışır ki, Xankəndində öz siyasi iradəsinə tabe olan şəxsi rəhbərliyə gətirsin. Bu dəyişikliyə Qarabağ klanının başda Serj Sərkisyan olmaqla necə reaksiya verəcəyi maraqlıdır. Qeyd edim ki, Serj Sərkisyan Qarabağda idarəçiliyin dəyişməsinə ciddi etiraz bildirə bilər və işdən çıxarılan generalları ətrafında toplamaqla Qarabağ kartı ilə yenidən siyasi səhnədə rol alar. Ona görə də Nikol Paşinyan Qarabağda baş verənlərlə bağlı təmkinli davranır, özünü növbədənkənar parlament seçkilərinə hazırlayır. Seçki öncəsi Qarabağda baş verənlər sadəcə qığılcım olaraq qalır. Əsas proseslər parlament seçkilərində və sonrası yaşanacaq. Ermənistanda inqilab bitməyib, davam edir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31