Yaponiya Trampın qərarını ləğv etmək üçün...

Yaponiya hökuməti bu ölkənin adının ABŞ-ın polad və alüminium üçün yeni rüsumların tətbiqi siyahısından çıxarılmasına çalışacaq. Bu barədə martın 23-də Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko məlumat verib.

Nazir deyib: "Yaponiyanın yeni rüsumların tətbiqi barədə siyahıya daxil edilməsi böyük təəssüf doğurur. Biz ABŞ tərəfinin Yaponiyanı həmin siyahıdan çıxarması üçün mümkün olan hər şeyi edəcəyik". H.Seko, həmçinin qeyd edib ki, ABŞ-ın müttəfiqi olan Yaponiyadan ixrac bu ölkənin sənayesinin təhlükəsizliyinə mənfi təsir göstərə bilməz.

Yaponiya hər il ABŞ-a 2 milyon ton polad ixrac edir ki, bu da yapon polad ixracının cəmi 5 faizinə bərabərdir.

Qeyd edək ki, ABŞ-da poladtökmə və alüminium sənayesi üçün məhsullara ixrac rüsumlarının müvafiq olaraq 25 faiz və 10 faiz artırılması barədə sərəncam martın 23-də qüvvəyə minib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31