Analitik: “Bu şüar əməliyyatın Afrin ilə məhdudlaşmayacağı fikrini ortaya qoyur”
Türkiyənin Afrində başladığı Zeytin Dalı əməliyyatı sosial-psixoloji və sosial-siyasi iqlimin təsirindən, eləcə də geosiyasi və milli təhlükəsizlik kontekstində hiss edilən zərurətdən irəli gəldi.
30 Yanvar 2018 16:29 DünyaTürkiyənin Afrində başladığı Zeytin Dalı əməliyyatı sosial-psixoloji və sosial-siyasi iqlimin təsirindən, eləcə də geosiyasi və milli təhlükəsizlik kontekstində hiss edilən zərurətdən irəli gəldi.
Bu fikri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin analitiki, Türkiyədən olan ekspert Çağatay Balcı deyib. Balcı vurğulayıb ki, xalqın Suriyanın şimalında Türkiyənin təhlükəsizliyinə birinci dərəcədə təhdid yaradan terror qruplaşmalarının zərərsizləşdirilməsi istiqamətindəki gözləntiləri və dövlətin sərhədlərindən kənarda terror təşkilatlarının mövcudluğunun ciddi təhlükəsizlik problemi halına gəlməsi ilə bağlı fikirləri birləşərək bu əməliyyatın qanuni və zəruri olmasına zəmin yaratdı.
Balcı qeyd edib ki, bu mənada Afrin əməliyyatının hədəfi bölgədə Türkiyəyə terror və təhlükəsizlik riskləri yaratmaq potensialına sahib olan terror qruplarını zərərsizləşdirməkdir: "Hesab edirəm ki, "Zeytin Dalı"nın bölgədə Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün təhdid ünsürlərinin yox edilməsi şüarı və motivasiyası ilə reallaşdırılması bu əməliyyatın Afrin ilə məhdudlaşmayacağı fikrini ortaya qoyur". Analitik sonda vurğulayıb ki, bu baxımdan Türkiyə sərhədlərindən kənarda özünə risk yarada biləcək hər cür təhdiddən qorunmalıdır və qorunacaq. Azadinform.az