“Zeytun budağı” əməliyyatı həm gözlənilən, həm də qaçılmaz idi

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyatı Qərb dairələri tərəfindən birmənalı qarşılanmasa da sözügedən əməliyyata haqq qazandıranlar da kifayət qədərdir. Suriyada həyata keçirilən əməliyyatı dəstəkləyənlər terrorçuluğa qarşı mübarizənin tərəfdarları olduqlarını əsas gətirirlər.

 "Türkiyə terrorçu bir dövlət yaratmasına nə dözə, nə də göz yuma bilərdi"

Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyatı Qərb dairələri tərəfindən birmənalı qarşılanmasa da sözügedən əməliyyata haqq qazandıranlar da kifayət qədərdir. Suriyada həyata keçirilən əməliyyatı dəstəkləyənlər terrorçuluğa qarşı mübarizənin tərəfdarları olduqlarını əsas gətirirlər. Elə Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, qardaş və dost dövlət Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyatı həm gözlənilən, həm də qaçılmaz idi. Onun sözlərinə görə, qardaş ölkə öz sərhədlərinin toxunulmazlığının, ərazi bütövlüyünün təhdid edilməsinə, o cümlədən, məlum böyük güclərin əli ilə sərhədləri yanında terrorçuların separatçı, terrorçu bir dövlət yaratmasına nə dözə, nə də göz yuma bilərdi: "Təbii ki, qardaş Türkiyə də nə buna dözdü, nə göz yumdu. Xəbərdarlığını etdi, haqlı qərarını verdi və məlum əməliyyatını başlatdı, hazırda da "Zeytun budağı"nı uğurla davam etdirməkdədir". E. İbrahimovun sözlərinə görə, heç kim Türkiyəni bu məsələdə qınaya bilməz: "Hamımız, bütün dünya terrordan əziyyət çəkirik. Özü də təkcə Türkiyə yox, Belçika, Fransa, Niderland, Böyük Britaniya, Almanya, Orta və Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdir. Terror, terrorçular nə deməkdir, bunu bizdən yaxşı bilən və təsəvvür edən olmaz. Azərbaycan artıq 30 ildir işğalçı və təcavüzkar Ermənistanın dövlət siyasəti səviyyəsində həyata keçirdiyi terrorizmlə üzbəüzdür. Ümumiyyətlə, bu gün terror yerləşdiyimiz coğrafiyanın, bütövlükdə Avropanın, dünyanın bədəninə girmiş xərçəng xəstəliyi kimidir. Bu gün artıq bir ölkə - qardaş Türkiyə bu xəstəliyin qarşısını almaq məqsədilə əlindən gələni edir, insan hüquqları üçün normal mühit yaratmağa çalışır, ancaq çox təəssüflər olsun ki, bəzi dövlətlər, beynəlxalq qurumlar haqsızcasına Türkiyənin bu addımını müzakirə edir, onu işğalda və ya daxili işlərə müdaxilədə qınayırlar. Bu, çox haqsız və ədalətsiz yanaşmadır. Buna son qoyulmalıdır. Bu, nə işğal, nə də müdaxilədir. Bu, terrora, xərçəngə qarşı hərbi əməliyyatlardır. İki istiqamətdə müdafiədir. Beynəlxalq səviyyədə tanınan İŞİD və PKK, PYD/YPG kimi terror təşkilatlarına qarşı mübarizədir. Bu terror təşkilatları, bəşəriyyət, Avropa və insanlar üçün təhlükəlidir. Türkiyə bu xərçəngə yoluxmuş əraziləri təmizləməyi, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş şərait yaratmaq üçün bu əməliyyatları başlamağı qərar alıb". E. İbrahimov bildirib ki, bu, beynəlxalq ictimaiyyətə xüsusi ismarıcdır: "Türkiyə bəzi ölkələr kimi başqalarının ərazilərini işğal etmək istəmədiyini bəyan edib. BMT və ABŞ-ı məlumatlandırıb ki, beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarına dörd min yük maşını yardım göndərmək regionda böhran vəziyyəti yarada bilər. Yəni, Türkiyə beynəlxalq qurumları məlumatlandırsa da, təəssüf ki, heç bir təşkilat buna məhəl qoymayıb. İndi Türkiyə bizim, övladlarımızın, Bakı, London, Berlin, Madrid və digər şəhərlərin təhlükəsizliyi üçün bu əməliyyatlara başlayanda bəziləri çox qərəzli şəkildə və ədalətsizcəsinə iddia edir ki, bu, daxili işlərə müdaxilədir. Xeyr, bu, müdaxilə deyil. Türkiyəni bu məsələdə qınamaq yox, ona dəstək vermək lazımdır. Düzdür, Türkiyənin, əslində, kimsənin dəstəyinə ehtiyacı yoxdur, amma bu dəstək hər tərəfdən verilməlidir. Çünki bu, terrorla mübarizənin yeganə yoludur. Ümid edirik və inanırıq ki, çox qısa zamanda da Türkiyə bunun öhdəsindən gələ biləcək, terrorçulara gərəkən cavabı verəcək. Kimsənin buna şübhəsi olmasın. Bir dost və qardaş ölkə olaraq Azərbaycan daim Türkiyənin, Türk xalqının yanındadır".
Mİllət vəkili Məlahət İbrahimqızı bildirib ki, hər bir müstəqil dövlət istər beynəlxalq hüquqa görə, istərsə də öz konstitusiyasına, milli qanunvericiliyinə görə sərhədlərinin güvənliyini qorumaqla bağlı cavabdehdir. Yəni, dövlətin birinci funksiyası öz ərazisinin, xalqının, millətinin təhlükəsizliyini qorumaqdır. Bu mənada Türkiyənin Afrin əməliyyatını tam qanunauyğun bir əməliyyat hesab etmək olar: "İkincisi, bütün dünya ictimaiyyəti, sadə insanlar da bilir ki, uzun illərdir, dünyanın bütün terror quruluşları Orta Şərqdə məskən salıb. Bu gün dünyada terrora qarşı qlobal mübarizə gedir. Azərbaycan da, təbii ki, terrora məruz qalan ölkələrdən biridir və anti-terror loalisiyasının da ilk üzvlərindən biridir. Amma çox təəssüf ki, dünya birliyi, dünyanın aparıcı dövlətləri anti-terror koalisiyasında üzv olsalar da, terrorçuluğa qarşı mübarizə aparmağı nəzərdə tutsalar da, bir sıra hallarda bu mübarizə ikili standartlar əsasında aparılır. Yəni, kiməsə, hansısa dövlətin marağına uyğun olanda, o saat hamı - anti-terror koalisiyasının bütün üzvləri ayağa qalxır. Amma kiminsə marağına uyğun olmayanda, "məni vurmayan ilan, çox yaşa" prinsipindən çıxış edirlər. Eynilə Orta Şərqdəki terrorçulara qarşı anti-terror koalisiyasının, dünyanın aparıcı dövlətlərinin mübarizəsi də bu çərçivədədir. Yəni, ikili standartlar baş verir. Neçə illərdir Türkiyənin istər ölkə daxilində, istərsə də Türkiyənin cənub bölgəsində terrorla bağlı itkiləri oldu və Türkiyə terrorla təkbaşına mübarizə aparır. Əslində Türkiyənin Orta Şərqdəki terror qruplaşmalarına qarşı mübarizəsi təkcə Türkiyənin öz təhlükəsizliyinə görə deyil, bütövlükdə bütün bölgə üçün, həmçinin Avropa üçün bir mücadilədir. Çünki o terrorçular dünən başqa bir ölkədəydilər, məsələn, sabah başqa bir ölkədə ola bilərlər". Onun bildirdiyinə görə, terrorçular bir vaxt Əfqanıstanda, yaxud Afrikada idilər, bu gün də Orta Şərqdədirlər, Türkiyənin cənubundadırlar: "Ona görə də bunu hər kəs bilməlidir ki, bu gün terrora qarşı qlobal mübarizə getməsə, sabah Afrindən, Orta Şərqdən qovulan bu terrorçular dünyanın harasındasa məskunlaşacaq, özlərinə yuva quracaqlar. Bəlkə də Avropada, bəlkə də Amerikada, bəlkə də Afrikada quracaqlar, bunu heç kəs deyə bilməz. Ona görə də biryolluq terroru tam dibindən qazıyıb kökünü kəsmək lazımdır. Çox təəssüf ki, Türkiyə qlobal terrorizmə qarşı təkcə mübarizə aparır. Qeyd etdiyim kimi, Türkiyə həm beynəlxalq hüquq, həm də milli hüquqa görə tam haqlıdır və əminik ki türk əsgəri, türk ordusu hər zaman olduğu kimi bu əməliyyatda da qəhrəmanlıq səhifəsi yazacaq, tezliklə bütün terrorçuları Türkiyənin sərhədləri boyundan darmadağın edərək qovacaq, türrorçuların kökünü kəsəcək. Ona görə də Türkiyə ordusuna zəfər diləyirik. Türkiyənin terrora qarşı apardığı bu mübarizə təkcə Türkiyənin təhlükəsizliyi üçün deyil, bütövlükdə bölgəmizin təhlükəsizliyinin qorunması istiqamətində aparılan bir əməliyyatdır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31