Kremlin Şanxay Əməkdaşlıq Təşkilatındakı hədəfi
Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı planlarını mərhələ-mərhələ reallaşdırmağa nail olmaqdadır. Elə həftə sonu təşkilatın Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən sammiti və onun nəticələri də belə bir görüntünü ortaya qoymuş oldu. Belə ki, sammitin nəticələrindən bəlli oldu ki, İslamabad və Dehli Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvünə çevrildilər. Məlumat üçün qeyd edək ki, 2001-ci ildə təsis edilən təşkilatın əsas təşəbbüskarlarından biri məhz Rusiya Federasiyası olub və günümüzdə ŞƏT-in sıralarının genişlənməsi müəyyən mənada Rusiyanın uğuru sayıla bilər.
12 İyun 2017 14:46 DünyaRusiya ŞƏT-lə bağlı planlarını reallaşdırır
Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı planlarını mərhələ-mərhələ reallaşdırmağa nail olmaqdadır. Elə həftə sonu təşkilatın Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən sammiti və onun nəticələri də belə bir görüntünü ortaya qoymuş oldu. Belə ki, sammitin nəticələrindən bəlli oldu ki, İslamabad və Dehli Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvünə çevrildilər. Məlumat üçün qeyd edək ki, 2001-ci ildə təsis edilən təşkilatın əsas təşəbbüskarlarından biri məhz Rusiya Federasiyası olub və günümüzdə ŞƏT-in sıralarının genişlənməsi müəyyən mənada Rusiyanın uğuru sayıla bilər.
Rusiyanın ŞƏT-dəki mövqelərinin güclənməsini bir kənara qoyaraq, Pakistan və Hindistanın ŞƏT-ə tamhüquqlu üzv olma məsələsinə toxunmaq, daha doğrusu aydınlıq gətirmək zəruri olardı. Ən azından ona görə ki, hər iki dövlət bir-birinə düşmən münasibətdə hesab olunur. Bu səbəbdən İslamabad və Dehlinin eyni vaxtda ŞƏT-ə üzv qəbul edilməsinin səbəbləri kifayət qədər maraqlı olardı.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, İslamabad və Dehlinin indiki halda ŞƏT-ə tamhüquqlu üzv qəbul edilməsi Rusiyanın maraqlarına xidmət edir: "Belə rəy var ki, Pakistan və Hindistan təşkilata üzv qəbul olunduqdan sonra təşkilat çərçivəsində konsensus əldə etmək çətinləşəcək. Bu Şanxay Əməkdaşlıq Təşkilatının işini mürəkkəbləşdirəcək. Çinin özünün də Hindistanla münasibətləri soyuqdur, iki dövlət arasında sərhəd problemi var. Çin Pakistanı dəstəkləyir. Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatınaz üzv qəbul etdirmək Rusiya prezidenti Vladimir Putinə lazım idi. Bununla Putinin bir neçə məqsədi var.
Birincisi, Rusiya prezidentinin fikrincə, təşkilatın genişləndirilməsi bölgədə təhlükələrə qarşı mübarizə imkanlarını artıracaq. Ən böyük təhlükə Əfaqnıstandakı gərgin vəziyyətdir. Rusiya terrorçulara qarşı mübarizədə Pakistan və Hindistanla əməkdaşlıq etmək istəyir. Mərkəzi Asiya ölkələri də Əfqanıstandakı vəziyyətdən narahatdırlar. Ona görə Mərkəzi Asiya ölkələləri də Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasında maraqlıdırlar. Vaxtilə Pakistan ABŞ-ın müttəfiqi idi. Ancaq "soyuq müharibə" bitdikdən sonra bu müttəfiqlik zəiflədi. Pakistan rəhbərliyi özü də Əfqanıstanda Taliban hərəkatından ehtiyat edir. Talibana bağlı terrorçular bir neçə dəfə Pakistan ərazisində terror aksiyaları törədiblər. Digər tərəfdən Pakistan imkan verə bilməzdi ki, yalnız Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunsun. Pakistan heç bir məsələdə Hindistandan geri qalmaq istəmir. İkincisi, Rusiya prezidenti Pakistanı Rusiyaya yaxınlaşdırmaq istəyir. Hətta bir müddət əvvəl Rusiya ilə Pakistan arasında birgə hərbi təlimlər də keçirmişdilər. Üçüncüsü, Putin NATO-nun, Avropanın, Şərqinə doğru genişlənməsindən narahatdır. Misal üçün Kreml Monteneqronun NATO-ya üzv qəbul olunmasına kəskin reaksiya verdi. Buna görə də Putin NATO-nin genişlənməsinə alternativ olaraq Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsinə çalışır. Növbədə İran var. Rusiya İranın da Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasına dəstək verir. Türkiyə və Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərirlər. Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatı bölgənin əsas mərkəzi təhlükəsizlik sisteminə çevrilmək üzrədir". Politoloq deyib ki, Pekində 14-15 mayda "Böyük İpək Yolu" layihəsi ilə bağlı sammit keçirildi. Bu sammitdə yalnız Hindistan iştirak etmirdi: "Kreml Çinin Rusiyanın nəqliyyat imkanlarından istifadə edəcəyinə ümidlidir, yəni Çin öz mallarını Avropaya Rusiya üzərindən çatdırsın. Ona görə də Kreml çalışır ki, Çinlə bütün formatlarda sıx əməkdaşlıq etsin. Buna baxmayaraq, Rusiyanın əsas problemi Əfqanıstandır. Putin NATO ölkələrini ona görə tənqid edir ki, bu ölkələr orada olduqları 15 il ərzində Əfqanıstanda qayda-qanun yarada bilməyiblər. Kreml sahibi haqlıdır. Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Ona görə də Putin düşünür ki, Əfqanıstanda vəziyyətin normallaşmasında Şanxay Əməkdaşlıq Təşkilatının vacib rolu ola bilər. Putin "Şanxay Əməkdaşlıq Təşkilatı - Əfqanıstan" formatının yenidən işə başlamasını istəyir. Məqsəd Əfqanıstanda müxtəlif qüvvələr arasında dialoqu genişləndirib sabitlik əldə etməkdir. Ancaq NATO-dan fərqli olaraq Şanxay Əməkdaşlıq Təşkilatının Əfqanıstan istiqamətində uğur qazanacağını söyləmək çətindir. Əfqanıstan qarışıq ölkədir, problemləri də dərindir. Əfqanıstanın mərkəzi ilə əyalətləri arasında fərq böyükdür, dövləti paytaxtdan idarə etmək çoğrafi baxımdan da çətindir".
Süleyman