Yaxın Şərqdə gərginlik kuliminasiya nöqtəsində
Yaxın və Orta Şərqdə davam edən gərginlik özünün kuliminasiya nöqtəsinə çatır desək, yanılmarıq. Birləşmiş Ştatlar prezidentiDonald Trampın Yaxın Şərq səfəri, İranda prezident seçkiləri, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsinin siyasi nəticələri artıq özünü göstərməkdədir. Göründüyü kimi, bu son proseslərdə hədəf iki ölkə - İran və Qətərdir. Bəs nə üçün məhz bu ölkələr hədəf seçilib, bunun arxasında hansı ziddiyyətlər dayanır?
12 İyun 2017 13:47 DünyaDiplomatik böhran siyasi-hərbi müstəviyə keçməkdədir
Yaxın və Orta Şərqdə davam edən gərginlik özünün kuliminasiya nöqtəsinə çatır desək, yanılmarıq. Birləşmiş Ştatlar prezidentiDonald Trampın Yaxın Şərq səfəri, İranda prezident seçkiləri, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsinin siyasi nəticələri artıq özünü göstərməkdədir. Göründüyü kimi, bu son proseslərdə hədəf iki ölkə - İran və Qətərdir. Bəs nə üçün məhz bu ölkələr hədəf seçilib, bunun arxasında hansı ziddiyyətlər dayanır?
Beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədovanın sözlərinə görə, bölgənin ən sabit şəhərlərindən olan Tehranda terror təşkil edilməsi göstərir ki, artiq Birləşmiş Ştatlar və onun Yaxın Şərqdəki sünni müttəfiqləri ilə İran arasındakı soyuq müharibə diplomatik gərginlikdən siyasi-hərbi müstəviyə keçməkdədir: "Əslində, bunu formal soyuq müharibə adlandırmaq daha doğru olardı. Xüsusilə, Səudiyyə Ərəbistanı və İran arasında Suriyada və Yəməndə faktiki hərbi münaqisə gedir. Bu iki ölkənin hərbçiləri həmin əməliyyatlarda bir-birinə qarşı döyüşlərdə iştirak edir. Tərəflər Yəmənin indiki hakimiyyətini və ona qarşı olan silahlı müxalifəti dəstəkləyir, maliyyə, ideoloji, hərbi dəstək göstərirlər. Doğrudur, Səudiyyə Ərabistanı muzdlu döyüşçülərdən yararlanır və öz vətəndaşlarının hərbi əməliyyatlarda iştirakına mümkün qədər imkan vermir. Eləcə də, İran Yaxın Şərqdəki tərəfdarlarından istifadə etməkdədir. Etiraf etmək lazımdır ki, hadisələr hələ ki, İranın üstünlüyünü göstərməkdədir. Bu, eynilə SSRI və ABŞ-ın vaxtilə ikiyə bölünmüş Vyetnamda bir-birinə qarşı müharibə aparmasını xatırladır. Vyetnamda vətəndaş müharibəsi getdiyi görüntüsü yaradilsa belə, burada iki fövqəldövlətin müharibə apardığı məlum idi. İndi isə Orta Şərqdə iki regional böyük dövlət - Səudiyyə Krallığı və İslam Respublikası Yəməndə bir -birinə qarşı hibrid müharibəsi aparırlar. Təbii ki, bunun ideoloji, geosiyasi, iqtisadi səbəbləri var. Hər iki ölkə enerji resursları ilə zəngindir, İslam dünyasinda liderlik iddiasındadırlar, fərqli, tamamilə zidd ideologiyalara etiqad göstərirlər, ABŞ və İsraillə münasibətlərə tam fərqli prizmadan yanasirlar və s.Bu bir həqiqətdir ki, Iran özünü İslam dövləti adlandırsa da, yuzilliklər boyu onun mövcudluğunun əsas hərəkətverici qüvvəsi İslam ideologiyası yox, fars millətçiliyi olmuşdur. Yəni, İran ilk əvvəl bir fars dövlətidir, sonra İslam respublikasıdır. Farsların ərəblərə, onun timsalında isə Səudiyyə Ərəbistanına nifrətinin kökündə məhz bu amil dayanır ki, ərəblər minillik tarixi olan fars imperiyasının mövcudluğuna son qoymuş, fars mədəniyyətini yerlə-yeksan etmişlər. Doğrudur, ərəb istilasına qədər də yunanlar, Makedoniyalı İskəndər fars dövlətçiliyini süquta uğratmışdır. Lakin ərəblərin gəlişi tamamilə fərqlənmiş, İran Ərəb xilafətinin tabeçiliyinə keçmiş, fars dövlətçiliyi məhv edilmişdi. Farslar yalnız Şah Abbasın dövründə, Səfəvilər dövlətində farslaşma siyasəti həyata keçirilməyə başlayandan sonra yenidən dircəlməyə başlamışlar. Yəni, bütün bunları farslar unutmur və İslam bayrağı adı altında Yaxın Şərqi öz nəzarəti altına almağa çalışırlar. Təbii ki, ABS, İsrail və onlarin bölgədəki sünni muttəfiqləri buna imkan vermək fikrində deyillər. Odur ki, Səudiyyə sammitindən dərhal sonra biz bu proseslərin gərginləşməsinin şahidi olduq". Ekspert bildirib ki, İranda baş verən bu terror aktı bir çox xüsusiyyətləri ilə diqqəti cəlb edir: "Yəni, İslam İnqilabı başlayandan bəri kamikadzelərin iştirakı ilə törədilmiş, hədəf isə adətən edildiyi kimi əhalinin çox toplaşdığı mülki obyektlər yox, İslam Respublikasının rəmzləri hesab olunan İslam İnqilabının lideri Xomeyninin məqbərəsi və ölkə parlamenti olmuşdur. Görünür, bununla respublikanın rəmzlərinə sui-qəsd təşkil edilməklə, İran dövlətinin əsaslarının sarsıdıla biləcəyi mesajı verilir. Mən bunu siyasi terror adlandırardım. Yəni, əhalinin yox, dövlətin siyasi simvollarının, əsaslarının sarsıdılması xəbərdarlığını ehtiva edən terror. Məqsəd əhalidən çox, siyasi və dini rəhbərliyi təhdid etmək, onlara xəbərdarlıq etməkdir. Təbii ki, bu həm də İranın Yaxın Şərqdəki fəallığına qarşı olan bir xəbərdarlıqdır. Dediyimiz kimi, İran Yəməndə, Suriyada, Livanda, Fələstində, İraqda olduqca fəaldır, çoxşaxəli, aktiv, çevik siyasi, ideoloji, hərbi, kəşfiyyat istiqamətlərində fəal tədbirlər həyata keçirir. İran nəinki passiv müdafiə, əksinə, aktiv hücum taktikası və strategiyası planlaşdırır və deyərdim uğurla həyata keçirir. Lakin bununla belə, onun da zəif yerləri olmamış deyil. Məsələn, İranın təhlükəsizlik orqanları arasında müəyyən ziddiyyətlər, rəqabət mövcuddur və rabitə ideal deyil. Belə ki, yalniz ETTELAT kimi tanınan İnformasiya və Təhlükəsizlik Nazirliyi prezidentə tabedir, digər xüsusi xidmət orqanları isə İslam Keşikçiləri Korpusuna tabedir, ümumilikdə polis və hərbi qüvvələr isə Silahli Qüvvələrin Ali baş komandani, Ali dini lider Əli Xamineyinin sərəncamındadır. Bu cur tabeçilik formasi bəzən informasiya mübadiləsini ləngidir, rəqabətin olması ümumi işin zərərinə ola bilir və s. Görünür, terror aktının qarşısının alınmasına da bu cür amillər maneçilik törədib. Eyni zamanda, gğrünür ölkə daxilində İSİD başda olmaqla, digər terror təskilatları, rəqib ölkələrin xüsusi xidmət orqanlarının tabeliyində olan şəbəkələr haqda kifayət qədər məlumat olmamışdır. Belə ki, şəxsən mən terror aktını törədən şəxslərin İran daxilində olduğunu, kənardan gəlmədiklərini düşünürəm. Məsələn, Türkiyədəki terror aktlarını adətən olkəyə kənardan gələn şəxslər törədir, çünki Turkiyəyə turist və s. bəhanəsilə gəlmək daha asandır, Türkiyə açıq ölkədir. Yaxud, Türkiyənin cənub-şərq sərhədlərində PKK- nın nəzarətində olan nöqtələr var ki, terror törətmək istəyən şəxslər həmin ərazilərdən ölkəyə keçə bilərlər. Lakin İran qapalı ölkədir, ölkəyə giriş sərt qaydalarla tənzimlənir, ciddi yoxlanılır və s. Bu səbəbdən terrorçuların İranın daxilindəki İSİD-ə və ya rəqib ölkələrin xüsusi xidmət orqanlarına tabe olması qənaətinə gəlmək olar".
Ekspert onu da vurğulayıb ki, Qətərlə bəzi ərəb ölkələri arasında baş verən diplomatik qalmaqalı Səudiyyə Ərəbistanında keçirilən sammitin nəticələrindən biri kimi nəzərdən keçirmək olar: "Belə ki, Qətərlə ilk olaraq diplomatik münasibətlərə son qoyan ölkə Səudiyyə Krallığı oldu və bundan sonra digər ölkələr də oxşar addım atdılar. Məhz Qətərə və İrana qarşı eyni vaxtda diplomatik, informasiya müharibəsi və terror aktlarından ibarət hücumların edilməsi bu proseslərin vahid mərkəzdən təşkil olunduğu ehtimalını gücləndirir. Belə ki, bu iki ölkənin Orta Şərqdə mövqeyi çox zaman uyğundur. Qətər yeganə sünni ərəb ölkəsidir ki, Səudiyyə və müttəfiqlərinin əksinə olaraq İranla münasibətlərin yaxşılaşdırılması tərəfdarı kimi çıxış edir. Hazırda Qətəri dəstəkləyən iki əsas ölkə Türkiyə və İrandır. Qətər eyni zamanda Rusiya ilə də danışıqlar aparir. İran, eləcə də Türkiyə Qətərə dəstək üçün qida və su yardımı göstərməyə hazır olduqlarıni bəyan etmiş, İran artıq ilk yardım təyyarəsini bu körfəz ölkəsinə yollamışdır. Qeyd edək ki, böhranın başlamasından dərhal sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edərək məsləhətləşmələr aparmışdır. Türkiyə isə Qətərdə hərbi qüvvələr göndərmək barədə qərar qəbul etmişdir. Bu, Birləşmiş Ştatlar-Turkiyə, eləcə də Turkiyə-Səudiyyə münasibətlərində çox ciddi dəyişikliklərə səbəb ola biləcək addımdır. Çünki, faktiki olaraq Türkiyə öz müttəfiqi olan bu iki ölkənin iradəsinin əleyhinə olaraq, onların təkləmək istədiyi Qətəri təcrid edilməkdən xilas edir". Nəzakət Məmmədova hesab edir ki, bunun bir neçə səbəbləri var: "Birləşmiş Ştatların Türkiyənin etirazlarına rəğmən PYD/YPG terrorçularını dəstəkləməsi, Misirdə hazırda Türkiyənin mənafeyini nəzərə alan Müsəlman Qardaşları təşkilatını sıxışdıran və onun lideri, Türkiyənin dostu Mursiyə ölüm hökmü kəsən Əl-Sisi kimi diktatorun hakimiyyətdə olması, Qətər qazının Avropaya nəqli perspektivində Türkiyənin tranzit ölkə olması imkanları və s. Yəni, göründüyü kimi Birləşmiş Ştatlar, Misir və Səudiyyə Türkiyənin mənafeyini nəzərə almadıqları üçün Türkiyə də onların Qətərə qarşı olan planlarında yer almaq istəmir.Əəksinə bu ölkəyə hətta hərbi yardım səviyyəsində dəstək nümayiş etdirir. Türkiyə Qətərdə hərbi baza saxlamaq planlarını bəyan etmişdir. İranın və Türkiyənin bu addımlarına çox güman ki, bu ölkələrin ərazilərində terror aktları təşkil edilməklə cavab veriləcəkdir".
Füzuli