Ərəb dünyası yeni gərginlik mərhələsində
İslam həmrəyliyi və birliyinə ciddi şəkildə ehtiyac yarandığı, zərurət duyulduğu bir vaxtda müsəlman aləmində yeni bir ixtilaf, qarşıdurma meyli müşahidə edilməkdədir. Söhbət Qətərlə Səudiyyə Ərəbistanı arasında meydana gələn insdent və onun bütün İslam aləminə yayılma ehtimalından gedir.
6 İyun 2017 13:34 DünyaYaxın Şərq yeni ərəb qarşıdurmasına şahid olmaqdadır
İslam həmrəyliyi və birliyinə ciddi şəkildə ehtiyac yarandığı, zərurət duyulduğu bir vaxtda müsəlman aləmində yeni bir ixtilaf, qarşıdurma meyli müşahidə edilməkdədir. Söhbət Qətərlə Səudiyyə Ərəbistanı arasında meydana gələn insdent və onun bütün İslam aləminə yayılma ehtimalından gedir. Bir-birini terrora dəstək verməkdə ittiham edən Ər-Riyadla Doha arasında münasibətlər elə bir həddə çatıb ki, hər iki tərəf bu mübarizədə özünə İslam dünyasından müttəfiq axtarır. Bu isə problemin getdikcə daha dərin xarakter alacağından xəbər verir. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyir ki, Ər-Riyad-Doha gərginliyi Yaxın Şərqə heç də yaxşı nəticələr vəd etmir: "Yaxın Şərq əslində tarixi müəyyən qədər əvvələ təsadüf edən, lakin siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir "Ərəb qarşıdurması"na meydan olmaqdadır. Yeddi ərəb ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir: Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb bu kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin "Hizbullah" və "Hamas"a yönəlik açıqlamalarda onları terror deyil, "dirəniş" təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. "İxvan-ül Müslimin" hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək verən bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əlaqədardır". Politoloq bildirib ki, ərəb ölkələri arasında siyasi rəqbət içində daha çox olan iki ölkə məhz Qətər və Səudiyyə Ərəbistanıdır: "Bu isə son dərəcə mürəkkəb və rəngarəng olan İslami siyasi-ideoloji hərəkatda özünəməxsus yeri olan mühafizəkar-sələfi cərəyanda liderliyi üstlənmə çabasıdır. Qətər, Misirdə yaranmasına rəğmən mühafizəkar cərəyanlar arasında kifayət qədər ciddi mövqeyə malik olan "İxvan" - "Müsəlman qardaşlar" hərəkatına dəstək vererek, Səudların XX əsrin əvvəllərindən etibarın öz nəzarətləri altında saxladıqları sələfi-mühafizəkar hərəkata müdaxilə imkanları əldə etməkdə idi. "Ərəb baharı"ndan sonra ard-arda Tunis, Əlcəzair və Misirdə "əxi"lərin əldə etdikləri siyasi qələbələr, heç şübhəsiz ki, həm də Qətərin qələbələri idi. Və sonrakı proseslərdə bu hərəkatın öz mövqelərini itirmələri, hətta bir çox ölkələrdə qadağalara məruz qalmaları da, şübhəsiz ki, Qətərin mövqelərinə vurulmuş zərbələr idi. Bu qarşıdurmanın pik həddi isə, 2013-cü ilin iyulunda Misirdə yaşandı. Məhz "Müsəlman Qardaşlar"ın iqtidarda olduğu dönəmdə Qətərin həmin ölkəyə investisiya yatırımı 8 milyard dollara çatdı. Əslində bu durum açıq şəkildə Qətərin maddi güc ilə həm Misirdə, həm də Misir üzərindən bölgədə "yumuşaq güc" olmaq hədəfinin bir əlaməti olaraq da qəbul edilə bilərdi.
Sünni-mühafizəkar hərəkatın önəmli ismi olan ixvançıların əleyhinə düzənlənən hərbi çevrilişə sünni-mühafizəkar hərəkatın digər önəmli halqası olan sələfilər tam dəstək verdilər. Beləliklə, Yaxın Şərq üçün çevriliş qapısı, qərb ölkələrinin səssiz dəstəyi ilə yenidən açıldı. Düz 3 il sonra - 2016-cı ilin iyulunda eyni ssenari Türkiyədə gerçəkləşdirmək istənəcək, lakin Türk millətinin iradəsi buna fürsət verməyəcəkdi". Vüqar Zifəroğlu bildirib ki, təkcə Misirdə deyil, son 2 ildə Liviya və Suriyada da bu iki ərəb ölkəsinin maraqları ciddi şəkildə kəsişməkdədir və onların dəstəklədikləri qüvvələr kəskin şəkildə fəqrli yönlərdə təmsil olunmaqdadırlar: "Hətta bu iki ölkə Liviyada iki fəqrli höküməti də dəstəkəməkdə idilər. Belə ki, Suriyadakı müxalifət içində parçalanmalar biri-biri ilə rəqabət içində olan bu iki ölkəni fərqli qruplaşmaları dəstəkləmələrinə yol açmaqdadır. Qətər əgər, yerli sünni-ərəb əşirətlərinə tardım və dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsalar da, müxalifət içində öz güclərini artırmaq niyyətindədirlər və post-Əsəd dövrünə öz maraqlarına uyğun alternativlərini formalaşdırmaq niyyətindədirlər. Bu zaman diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur. Buradan belə nəticə çıxartmaq olar ki, məhz Trampın məlum səfəri zamanı Səudiyyəyə olan tam dəstək və bu ölkənin lider mövqeyinin qabardılması, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun kilid adı olan Qətəri qıcıqlandırdı. Nəticədə məlum açıqlamalar səsləndi. Nə qədər qəribə səslənsə də Livana qədər uzanan "Şiə koridoru" formalaşdırmaq niyyətində olan, İraq və Suriya iqtidarına tam təsir etmək gücü ilə Aralıq dənizinə çıxış əldə edən, Yəmən və Bəhreyndə nüfuz qarşıdurması yaşadan İran, bu gün ərəblərin biri-birilərini qorxutmaları üçün istifadə etdikləri ünvan olmaqdadır". Politoloqun sözlərinə görə, bu rəqabətdə İran da önəmli ünvandır: "Hələ iki il əvvəl Qətərli diplomatların Livanda "Hizbullah" rəhbərliyi ilə görüşmələri və ardınca da bu ölkənin Xarici İşlər Nazirinin Suriya problemində İranın rolunun "həyati əhəmiyyət" daşımasını açıqladığına diqqət çəkmək istərdim. Ümumiyyətlə bölgədə İranı ciddi təhdid olaraq görən Səudiyyədən fərqli olaraq, Qətər Şeyx Tamimin ifadəsi ilə desək, "bölgədə güclü bir İran istəməkdə" kimi görünür. Yəni burada biz daha loyal münasibətin şahidi olmaqdayıq. Xüsusi vurğulamaq lazımdır ki, Qətərin təcridi siyasətində önəmli məqam məhz İrana olan bu loyal münasibətdir. Trampın iqtidara gəlişi ilə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda, amerikalıların dövlət başçısının Yaxın Şərq səfəri zamanı bu ölkəyə münasibətlə bağlı Səudiyyə Ərəbistanı ilə aparılan məsləhətləşmələr, ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə Ərəbistanı İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində bunun bir əlaməti idi. Burada diqqət çəkən başqa bir məqam odur ki, İran ilə birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər, geosiyasi durumu səbəbi ilə İran ilə birlikdə hərək etdiyində Körfəz dəngələrinə ciddi təsir edə biləcək gücdədir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Qətəri İrana qarşı koalisiyanın işinə zorla da olsa çəkmək məcburiyyətindədir, bunu eədə bilmədikdə isə təir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacağı artıq indidən aydındır". Vüqar Zifəroğlu Ər-Riyad-Doha münasibətlərinin gərginləşməsində Qərb faktoruna da toxunub. Bildirib ki, Qətərin keçmiş əmiri Hamad bin Xəlif əl Taninin dövründə əmirliyin beynəlxalq arenada aktiv şəkildə irəliləməsinin əsası qoyuldu: "Bu siyasət hazırki dövlət başçısı Tamim ibn Hamad əl Taninin dövründə də davam etməkdədir. Yaxın Şərqdə, ümumiyyətlə qlobal informasiya məkanında ciddi nüfuza malik "əl-Cəzirə" media quruluşundan tutmuş, Qərbin iri şirkətlərində - "Barkayz", "Sen-Jermen", "Folksvagen" və s. - pay sahibliyinə qədər, iqtisadi ekspansiyanın şahidi olmaqdayıq. Qətər həm də Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi mövcudluğunun az qala bir simvoluna çevrilib. Və bütün bu sadalanan faktlara rəğmən indi, bu kiçik, lakin ciddi əhəmiyyətə malik ölkənin, sanki "burnunun ovulması" səhnələşdirilməkdədir. Obama dönəmindən fərqli olaraq, ABŞ-ın hazırki Yaxın Şərq siyasətində maraqlı və diqqət çəkən məqam İsrailə münasibətdir. Trampın ağlama divarı önündə dua edən ilk prezident olaraq tarixə keçməsi, yalnız yəhudi mədəniyyətinə və inancına göstərilən bir sayğı olmaqdan ötə, həm də okeanın o tayının yenidən İsrailə Yaxın Şərq siyasətində ciddi önəm verməsinin bir simgəsi kimi də qiymətləndirilməlidir. İsrailin isə "İxvan"a münasibəti son dərəcə mənfidir və Misirdə baş vermiş hərbi çevriliş zamanı bunu dəstəkləyən ilk tərəflərdən biri məhz onlar oldu. Bu siyasi hərəkat dəfələrlə İsrailə münasibətdə radikal yanaşması ilə seçilib və dəngələrin dəyişdiyi bir dönəmdə Amerikanın bu kimi hərəkatlara siyasi və maddi dəstək verməsi səbəbi ilə Qətəri ərəblərin əli ilə sıxışdırmasından təbii heç nə ola bilməz. Bu gün İsrailin rolu yenidın artmaqdadır və bununla hətta ərəblər də razılaşır. Bu rol güclənən İran faktorunun fonunda daha da ciddiləşir və ənənəvi fars - ərəb rəqabətində qeyri-rəsmi bir semit ittifaqının görüntüləri də sezilir". Politoloq onu da qeyd edib ki, Qətərə qarşı birliyə keçən ölkələrin sayənın artacağı istisna deyil: "Təbii ki, bu zaman irəli sürülən başlıca arqument məhz İran faktoru olacaq. Bu zaman rəsmi Dohanın "xakerlərlə bağlı" gətirdiyi son dərəcə qeyri-müəyyən və inanılması mümkünsüz olan "səbəb" şübhəsiz ki, qəbul edilməyəcək. Hər halda Qətərin bundan sonra Səudiyyə Ərəbistanının liderliyi və heç şübhəsiz ki, Qərbin xeyir-duası ilə formalaşdırdığı "sünni-ərəb" koalisiyasına və İrana sərgiləyəcəyi münasibətindən çox şey asılı olacaq. 6 ərəb ölkəsi və Maldivin Qətərlə ilişkilərini kəsmələrini bəyan etmələrinin zamanlaması diqqət çəkir. Bəlkə də çoxları diqqət etmədi, amma həmin gün məşhur "6 günlük müharibə"nin 50 illiyinin ilk gününə təsadüf etdi. Bu həmin məşhur müharibədir ki, ərəb ölkələri İsrailə məğlub olmuşdular".
Füzuli