Qərbin regional oyunları
Hər zaman dünyanın diqqətini özünə cəlb edə bilən Yaxın Şərq yenə də öz “liderliyini” qoruyur. Hazırda əsas diqqət yenə də bu regiona cəmlənib. Ancaq bu dəfə diqqət Yaxın Şərqin bir nömrəli poblemi sayılan İsraillə Fələstinə deyil, Səudiyyə Ərəbistanı ilə Qətərə yönəlib.
6 İyun 2017 13:22 DünyaVə hədəfdə yenə müsəlman ölkələridir
Hər zaman dünyanın diqqətini özünə cəlb edə bilən Yaxın Şərq yenə də öz "liderliyini" qoruyur. Hazırda əsas diqqət yenə də bu regiona cəmlənib. Ancaq bu dəfə diqqət Yaxın Şərqin bir nömrəli poblemi sayılan İsraillə Fələstinə deyil, Səudiyyə Ərəbistanı ilə Qətərə yönəlib. Son iki gün ərzində kəskin şəkildə gərginləşən Ər-Riyad-Doha münasibətlərində mənfi çalarların meydana gəlməsində daha çox Qərbin, xüsusilə də Birləşmiş Ştatların səbəkar olduğu irəli sürülən fikirlər arasındadır. Daha çox iddia edilən odur ki, Doha-Ər-Riyad münasibətlərinin gərginləşməsinə səbəb olan amillərdən biri Ağ Ev rəhbəri Donald Trampın keçən ay Səudiyyəyə səfəri və orada keçirilən müzakirələrdir. Təsadüfi deyil ki, yerli və beynəlxalq ekspertlər də məhz bu məqama xüsusi diqqət çəkirlər. Ancaq o da bildirilir ki, Səudiyyə-Qətər gərginliyinə Birləşmiş Ştatlar səbəbkar olduğu kimi, bu problemin həllinə də məhz Vaşinqton nail olacaq.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ər-Riyad və Vaşinqtonun iştirakı ilə İrana qarşı ərəb ölkələrinin koalisiyasına cavab olaraq, Tehran da Qətəri öz siyasi orbitinə daxil etməyə cəhd edir: "Görünən odur ki, Səudiyyə Ərəbistanı ətrafında həlqə formalaşdıran İran, Qətərlə siyasi əlaqələri gizli şəkildə davam etdirirmiş. Bundan əlavə Səudiyyə Ərəbistanının regiona liderliyi Qətəri narahat edən əsas amillərdən biri olub. Qeyd edim ki, Birləşmiş Ştatların regionda ən böyük hərbi bazası məhz Qətərdə yerləşir". Politoloq deyib ki, rəsmi Doha və Ər-Riyad bir-birlərini terrorçu təşkilatlara dəstək verməkdə ittiham edirlər: "Ümumi götürdükdə isə, hər iki ölkə teror təşkilatları olan İŞİD və Əl -Qaidanın radikal vəhhabiliyin maliyyə və ideoloji mərkəzidir. İki ölkənin geosiyasi maraqlarınnın toqquşması, diplomatik krizə səbəb olub. Səudiyyə Ərəbistanından maliyyə cəhətdən asılı olan bəzi ərəb ölkələri Ər-Riyadı dəstəkləyərək, rəsmi Doha ilə diplomatik əlaqələri kəsdilər. Fars körfəzində yaşanan diplomatik skandalda İranın rolu birmənalı görünür. Təbii ki, regionda əsas təsir gücünə malik olan ABŞ bu krizə müdaxilə edib, problemə son qoyacaq. ABŞ dövlət katibi Tillerson bununla bağlı regiona səfər də edə bilər. Bu diplomatik skandal müvəqqəti xarakter daşıyır. Çünki, buradakı ölkələr müstəqil siyasətə malik deyillər. Birləşmiş Ştatlar bütün məsələləri yoluna qoyacaq. Qətərin Yəməndə "Husi" və digər regionda İrana bağlı silahlı qrupları dəstəkləməsi isə reallıqdan uzaqdır". Politoloq onu da deyib ki, bütün halda regionda gərginliyin artması heç bir tərəfə xeyir gətirməyəcək.

Politoloq Mütəllim Rəhimli isə deyib ki, Körfəz ölkələrinin - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Maldiv, Yəmən və Birləşmiş Ərəb Əmirliklərinin Qətərlə diplomatik əlaqələri kəsməsi regionda onsuz da mürəkkəb olan vəziyyəti bir az da gərginləşdirəcək. Onun sözlərinə görə, Qətərə qarşı irəli sürülən ittihamlar təsdiqini tapmayan, sübut edilməsi çətin olan iddialardır: "Çünki indiyədək bir sıra dövlətlər İŞİD-i dəstəkləməkdə ittiham olunublar. Üstəlik, nəzərə almaq lazımdır ki, indi rəqiblər ən çox terrorizmə dəstək verməkdə qınanaraq susdurulmağa, məhv edilməyə çalışılır. Bütün bunları nəzərə alaraq körfəz ölkələrinin Qətərə qarşı sərgilədikləri mövqenin regionda həyata keçirilən məqsədyönlü fəaliyyət planının tərkib hissəsi olduğunu demək olar. Bu planın müəllifləri isə bölgədə deyil, kənardadırlar. İndi əsas məsələ Qətərlə diplomatik əlaqələrin kəsilməsi deyil, ssenarinin inkişafının qiymətləndirilməsi bacarığıdır. Maraqlıdır ki, hədəfdə hansı ölkəiçi və ölkələrarası konfliklərin yaradılması, yeni qruplaşmaların formalaşdırılması durur. Və bütün bunlar regionun gələcək geosiyasi xəritəsində necə əks olunacaq".

"Atlas" Araşdımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd edib ki, gərginləşən Səudiyyə Ərəbistanı - Qətər münasibətlərində onun üçün iki sual aktualdır: "Birinci sual: Vəziyyətin bu həddə çatmasında ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfərinin rolu oldumu? Çətin. Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfləridirlər və Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərignləşləsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə "İslam, ərəb, Amerika" sammiti keçirdi? Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və Səudiyyənin təxminləri doğru çıxdı. Tramp birincisi dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın, ikincisi bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Donald Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi. İkinci sual: İran bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşdirilməsinə, Qətəri daha çox öz tərəfinə çəkməyə çalışacaqmı? Əgər Tehranda bu alınsa, Qətər Suriyadan sonra ikinci ərəb ölkəsi olacaq ki, İranla müttəfiq olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, gərəkən ərzaq göndərəciyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə özünün yetişdirdiyi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən Əl-Kaida, DAİŞ, Müsəlman Qardaşları kimi qruplaşmalara dəstəkdən əl çəkəcək və İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etmədən Qətərin təhlükəsizliyi sual altında qalacaq".
Məhəmməd